İlham Əliyev: `Azərbaycan danışıqlar prosesinə sadiqdir` (FOTOLAR)

İlham Əliyev: `Azərbaycan danışıqlar prosesinə sadiqdir` (FOTOLAR)
  07 Aprel 2016    Oxunub:3045
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

AzVision.az xəbər verir ki, ölkə başçısı Lavrovla görüşü zamanı bildirib:

“Hörmətli Sergey Viktoroviç, sizi görməyimə çox şadam. Xoş gəlmisiniz. Sabah Bakıda Rusiya, İran və Azərbaycanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Birinci belə görüşün bizim ölkəmizdə keçirilməsindən məmnunuq. Hesab edirəm ki, bu, ölkələrimiz arasında çox ciddi regional əməkdaşlıq prosesinin başlanğıcıdır.

Azərbaycan dünyada yeganə ölkədir ki, eyni zamanda, həm Rusiya, həm də İranla həmsərhəddir. Bu, üç ölkə xalqlarının həm coğrafiyası, həm də qarşılıqlı əlaqələrinin tarixidir. Ölkələrimiz arasında bugünkü qarşılıqlı fəaliyyət də əlbəttə ki, əməkdaşlığın həm də çoxtərəfli formatda dərinləşməsini tələb edir”.

Ölkə başçısı qeyd edib ki, Rusiya və Azərbaycan iki dost, iki qonşudur: “Sabah beynəlxalq terrorizmlə və narkotrafiklə mübarizə, qarşılıqlı siyasi fəaliyyət, nəqliyyat problemləri, energetika və digər bir çox məsələlər qarşılıqlı anlaşma və konstruktivlik ruhunda müzakirə ediləcək. Sözsüz ki, həmçinin sizin səfəriniz ikitərəfli problemləri müzakirə etmək üçün yaxşı imkandır. Biz ölkələrimiz arasında münasibətlərin gedişatından, yüksək səviyyəsindən, demək olar ki, bütün sahələri əhatə edən strateji tərəfdaşlıqdan çox məmnunuq. Rusiya və Azərbaycan iki dost, iki qonşudur. Biz bu münasibətləri yüksək dəyərləndiririk, bu münasibətləri möhkəmləndirməyə və inkişaf etdirməyə səy göstəririk. Bu, həm qarşılıqlı siyasi fəaliyyətə, həm humanitar, iqtisadi və energetika sahələrində əməkdaşlığa, həm də, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə aiddir”.

Prezident İlham Əliyev daha sonra cəbhə xəttində baş verən son hadisələrdən söz açıb:“Hamıya bəlli olduğu kimi, son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranmışdır. Əlbəttə ki, bu da həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur. Rusiya bu halda yenidən təşəbbüs göstərdi və Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə olundu.

Biz hesab edirik ki, bu, regionda vəziyyətin gərginləşməsinə imkan verməməyin yeganə yoludur. Atəşkəs rejiminə riayət olunurdu. Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu.

Biz danışıqlar prosesinin davam etdirilməsinə köklənmişik. Bu gün mən ATƏT-in Minsk qrupunun həmsədrlərini - səfirləri qəbul etdim. Onlara da dedim və indi mətbuat qarşısında da demək istəyirəm ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir. Biz bu münaqişəni sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimləmək istəyirik. Düşünürəm ki, atəşkəsin elan olunmasından sonra ötən 20 ildən çox müddət bizim məhz siyasi nizamlanmaya kökləndiyimizi sübut edir. Əlbəttə ki, biz bu gün bütün bu məsələləri, həmçinin Sizinlə müzakirə edəcəyik. Əminəm ki, səfəriniz bizim münasibətlərimizin möhkəmlənməsi istiqamətində daha bir mühüm addım olacaq. Bir daha xoş gəlmisiniz!”.

AzVision.az

Qalereya




Teqlər:  






Xəbər lenti