Azay Quliyev İsrailin KİV nümayəndələri ilə görüşüb
Azay Quliyev xarici media nümayəndələrinin Azərbaycana səfərinin ölkəmiz üçün həssas bir dövrə təsadüf etdiyini bildirib. Aprelin 2-dən başlayaraq qoşunların təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin hücumu və törətdiyi təxribatlar nəticəsində 10 mülki şəxs və 31 hərbiçimiz həlak olub, onlarla insan yaralanıb, 200-dən artıq şəxsi ev və ictimai bina dağıdılıb. Azərbaycanın atəşkəs elan etməsinə baxmayaraq Ermənistan mülki vətəndaşlara və obyektlərə atəş açmaqda hələ də davam edir.
Şura sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ön cəbhədə yaranmış vəziyyətlə bağlı media nümayəndələrinə ətraflı məlumat verib: “Hazırda qoşunların təmas xətti Azərbaycanın BMT tərəfindən tanınan sərhədləri daxilində, yəni bizim ərazilərimizdən keçir. İşğalçıların nəzarət etdikləri ərazilərdə təmas xətti boyunca mülki əhali yaşamır. Qoşunların təmas xəttinin Azərbaycanın nəzarətində olan ərazilərində isə yüz minlərlə insan məskunlaşıb və onlar mütamadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalır”. Azay Quliyev BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin ötən 23 il ərzində icra olunmadığını bildirib.
Sonra Şura sədri İsrail KİV-lərinin təmsilçilərinin suallarını cavablandırıb.
Azay Quliyev İsrail parlamentinin vitse-spikerinin bu günlərdə Azərbaycan əlehinə bəyanat verməsinə münasibət bildirərək dövlətimizin təhqir edilməsinin yolverilməz olduğunu və belə halların Azərbaycan-İsrail dostluq münasibətlərinə xələl gətirmək məqsədi daşıdığını vurğulayıb. Şura sədri İsrail KİV-lərinin təmsilçilərini ölkəmiz və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətə, dünya yəhudilərinə obyektiv məlumatlar çatdırmağa çağırıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan təqdimat nümayiş olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


