`Sarkisyan terrorçuları Qarabağda yerləşdirir`

`Sarkisyan terrorçuları Qarabağda yerləşdirir`
  07 Aprel 2016    Oxunub:4089
Türkiyə KİV-lərinin yaydığı məlumata görə, PKK terror təşkilatı Ermənistana dəstək məqsədilə 400 yaraqlını Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərib. Terrorçuların Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli bölgəsində yerləşdirildiyi bildirilir.

Terrorçuların İraq və Suriya düşərgələrindən Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir. Məlumatlara görə, PKK-nın Ermənistana hərbiçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir.

Bundan başqa PKK-nın Suriya qanadı olan PYD-nin tərkibində 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib.

Politoloq Qabil Hüseynli PKK terrrorçularının Qarabağa göndərilməsinin real olduğunu düşünür.

AzVision.az-a açıqlama verən politoloq xatırladıb ki, Birinci Qarabağ savaşında da PKK ermənilərə yardım göstərib: “Ermənistan rəhbərliyi PKK terrorçularını əvvəlcə nizamlı halda ölkəyə gətirir. Daha sonra hissə-hissə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Bura həm PKK-çıları, həm də Suriyadan çıxan ermənilər daxildir. Suriyadan gətirilən ermənilər məskunlaşdırma siyasətinin tərkib hissəsi olsa da, PKK-çılar Azərbaycan qarşı döyüşmək üçün işğal olunmuş ərazilərimizdə yerləşiblər”.

Politoloq hesab edir ki, terrorçularının işğal olunmuş ərazilərimizdə yerləşdirməsinə səssiz qalmaq olmaz: “Bu məsələyə həm Azərbaycan, həm də Türkiyə qarışmalıdır. Ermənilərin bu addımının beynəlxalq səviyyədə araşdırılmasını tələb etməliyik”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  






Xəbər lenti