ATƏT – in Minsk “şurupu” - TƏHLİL

ATƏT – in Minsk “şurupu” - TƏHLİL
  18 İyul 2013    Oxunub:2300
ATƏT-in Minsk qrupu bir paradiqmadır və bu qurum Dağlıq Qarabağ münaqişəsinin uzun müddət nəzarətdə saxlanılması üçün yaradılıb

Vəli Əkbər
AzVision.az üçün

Məsələyə soyuqqanlı yanaşmağa çalışaq. Tarix yüz illik müharibələr və on illərlə aparılan sülh danışıqlarına az şahidlik etməyib. Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi də bu sırada nə birincidir, nə də sonuncu. Konfilikt bizimçün nə qədər ağrılı olsa da, onun həlli variantları bir o qədər həssasdır. Bu cür münaqişələr məhəlli xarakter daşımır və mövcudluğu bir çox qüvvələrin maraqlarına xidmət edir. Baş verməsi və mövcudluğu maraqlara xidmət edirsə, deməli, onun həlli də razılaşdırılmış maraqlar çərçivəsində sona çatdırılacaq. Bizim “doğma ” münaqişəmizin həllinin özü nə qədər uzun olsa da gəlib həmin doğanaqdan keçir. Əslində həmin “örkən”in uzunluğu elə bir başa ATƏT-in Minsk qrupunun özü ilə bağlıdır - demək istəyirəm.

Minsk Qrupu sənəddə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə həyata pasport alan bu qurumda Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç “vətəndaşlıq” edirlər. 1996-cı ilin dekabrından isə onun üç – Rusiya, ABŞ və Fransa kimi həmsədrləri var.

Tarix başqa şeyə də şahidlik edir. Bütün rəsmi görüşlərimizdə, televiziya və qəzet səhifələrində 1992, daha sonra 1996-cı (həsədrlərin doğulduğu il) ildən üzü bəri bu cümləni eşidib və yazırıq: “Təəsüf ki, bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir”.

Sonuncu təəsüf hissi dünən, 17 iyun 2013-cü ildə Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşündə bir daha dilə gətirildi.

“Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. Çünki torpaqlarımız bu günə qədər də işğal altında qalmaqdadır”. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov. Nazir qeyd edib ki, Azərbaycanın həmsədrlərin fəaliyyətindən narazı olmağa obyektiv əsası var: “Biz çox sevinərdik ki, bu ölkələrin vasitəçiliyi ilə irəliləyiş əldə olunsun. Amma bu irəliləyişi görmürük və təbiidir ki, biz də həmsədrlərin işindən narazıyıq”.

Əslində, biz ATƏT-in Minsk qrupundan bu qədər ciddi gözləntilərdə nə qədər haqlıyıq?

Biz unutqan millət olduğumuzdan bəzi mətləbləri dönə-dönə yada salmağa ehtiyac var. ATƏT-in Minsk qurupu bu münaqişənin tam mənasında ATƏT-in Minsk “şurupu”dur desək daha dəqiq olar. Daha doğrusu, dünyanı istədikləri şəkildə idarə etməyə çalışan iki dövlətin – Rusiyanın və ABŞ-ın. Bu “şurup” münaqişə ətrafındakı situatsiyanı nəzarətdə saxlamaq üçün gah bərkidilir, gah da boşaldılır. Həmsədr ölkələrin nümayəndələri münaqişəni həll etmək deyil, öz ölkələrinin liderlərini gedən prosseslər haqda məlumatlandırmaq yönündə fəaliyyət göstərirlər. (Yeri gəlmişkən, həmsədr ölkələrdən ikisinin ermənipərəst olması da nəzrdən qaçırılmamalıdır.) Münaqişə vəziyyətində olan Ermənistan və Azərbaycan arasında hər hansı bir yaxınlaşma baş verərsə, öz aralarında dil taparlarsa, siz onda bu “şurup”un necə bərkidiyinin şahidi olacaqsınız.

Xatırlatmaq üçün deyim ki, 1999-cu ilin aprel ayından etibarən münaqişə ətrafında danışıqlar prosesində yeni mərhələ - Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşləri başladı. Bu görüşlərdə Minsk Qrupu həmsədrləri də bir mənalı iştirak edirdilər. Prezidentlər əsasən beynəlxalq toplantılarda bir araya gəlirdilər. İlk belə görüş 1999-cu il aprelin 24-də Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə baş tutdu. Həmin sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın dövlət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşüdülər.

Həmin görüş ərəfəsində və sonrasında Qərb mediasında amerikalı analitik, Pentaqonun keçmiş əməkdaşı Pol Qoblun Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin həllinə imkan verə biləcək ərazi mübadiləsi ideyasının müzakirəsi gedirdi. Bunun ardınca Dağlıq Qarabağ konfliktinin nizamlanması ilə bağlı çoxsaylı görüşlər seriyası başlandı. Həmin ilin iyulun 16-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryan arasında daha bir görüş keçirildi. Məhz bu görüşlə danışıqlar intensiv mərhələyə keçdi. Əliyev-Köçəryan formatında növbəti görüş 1999-cu il avqustun 22-də yenidən Cenevrədə baş tutdu. KİV-də tərəflərin razılaşma ərəfəsində olduğuna dair informasiyalar yayılmağa başlamışdı. Nəhayət, 26 oktyabr 1999-cu ildə ABŞ dövlət katibinin müavini Stroub Telbott Dağlıq Qarabağ danışıqlarındakı vəziyyəti müzakirə etmək üçün İrəvana, oradan Bakıya gəldi. Bu, Qarabağ sülh danışıqlarının intensiv mərhələsi idi və noyabrda ATƏT-in İstanbul sammitində Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının imzalanacağı gözlənilirdi.

Lakin, cəmi bircə gün keçməmiş, oktyabrın 27-də Ermənistan parlamentində baş verən terror aktı sülh imkanlarını tamamilə heçə endirdi. Baş nazir Vazgen Sarkisyanın, parlamentin sədri Karen Dəmirçyanın, hökumət və parlament üzvləri olan daha 6 nəfərin qətlə yetirilməsi “Qobl planı” üzrə sülh planını pozdu, proses uzun müddət iflic oldu. Bu olay həmin zaman ATƏT-n Minsk qurupunun “şurup” funksiyasına bir başa dəlalət edir. Amma o halda “şurup”un buracağının Rusiyanın əlində olduğuna konkret işarələr vardı və bu belə idi. Çünki 1999-cu ildə ABŞ özünün Qafqazda əsas məqsədinə (BTC neft kəməri) çatmış görünsə də, zəif görünən Rusiya itirdikləri ilə barışacaq durumda deyildi. Bundan sonra konfilikt bir daha bir tərəfli qaydada həll edilməsi mümkün olmayan məsələ anlamına gəldi.

Sonralar da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, həm də həmsədr olan ölkələrin, bir tərəfli qaydada sülh cəhdi qarşı tərəfdən müxtəlif şəkildə cavabını aldı. Milli azlıqlar, beynəlxalq qurumlarda təzyiqlər, münaqişə tərəflərinin hakim dairələri haqda ittihamedici hesabatlar, seçki məsələləri və s. İşarə onadır ki, münaqişə tərəfləri bu məsələni, hətta tam bir tərəfin xeyrinə həll etmək istəsələr belə, bu baş verməyəcək. Çünki Qafqazda maraq savaşı aparan iki super güc hələ ortaq məxrəcə gələ bilməyib. Ona görə də ATƏT –in Minsk “şurupu” da iki vəziyyətdə, gah bərkidilmiş, gah da boşaldılmış halda fəaliyyət göstərəcək. Bizsə, “Təəsüf ki, bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir” - deyəcəyik.

Fikirlərim pessimist əhval-ruhiyyə yaratmaq deyil, ATƏT –in Minsk qrupu illüziyasından bir dəfəlik qurtarmaq və münaqişənin Azərbaycanın xeyrinə həlli üçün daha praqmatik olmağa səslənişdir. Çünki, bəzi dönəmlərdə kainatda elə hadisələr baş verir ki, bu zaman qütblər də dəyişir. Dünyanın idarə mexanizmi təkcə “super güc” adlanan bir neçə ölkənin əlində deyil.

Münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasına bərabərlik işarəsi qoymaq isə ən azə gülünc olardı. Hazırda mövcud olan “Güclənən Azərbaycan” siyasəti münaqişənin həllində Azərbaycan prezidenti tərəfindən seçilən ən dəqiq mövqedir və bu, öz bəhrəsini verəcək. Amma rəsmi İrəvan başa düşsəydi ki, zaman bütün hallarda onun ziyanına işləyir və bu konfiliktə cəlb olunmaqla ermənilər nəinki Qarabağı qazanıblar, əksinə Azərbaycanı bütövlükdə itiriblər, Azərbaycanın sərvətlərindən düşəcək payı əllərindən veriblər, bax onda uzunuzadı danışıqlara da ehtiyac qalmazdı. Rəsmi İrəvan konstruktiv yanaşma nümayiş etdirməklə öz ölkəsini səfalətdən də xilas etmiş olardı.


Teqlər:  





Xəbər lenti