680 nəfər zəhərlənib

680 nəfər zəhərlənib
  18 İyul 2013    Oxunub:1708
“Aparılan yoxlamalarda qarpız zəhərlənməsi təsdiqini tapmayıb”.
Yay fəsli gələn kimi zəhərlənmələrin də sayı artıb. Səbəb yayda qidanın tərkibinə düşən bakteriyaların qışa nisbətən 10-100 dəfə çox inkişaf etməsidir. Təkcə ötən ay ərzində 131 qida zəhərlənmə hadisəsi baş verib, nəticədə 151 nəfər zəhərlənib. Zəhərlənmə halları əsasən, ev şəraitində hazırlanmış salatlardan, tortlardan baş verib.

Bu barədə AzVision.az-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev deyib :

“Qida zəhərlənmələri müxtəlif ərzaqlardan baş verir. Saxlanılması soyuq mühit tələb edən, xüsusi tez xarab olan məhsullar var. Bunlar qənnadı məmulatları, balıq və balıq məhsulları, salatlardır. Bu məhsullardan baş verən zəhərlənmələrə yayda daha çox təsadüf olunur. Qış aylarında əsasən konserv məhsullarından bakterizm zəhərlənmələri baş verir. 6 ay ərzində 589 qida zəhərlənmə hadisəsi olub, 680 nəfər zəhərlənməyə düçar olub. Bunların da əksəriyyəti ev şəraitində baş verən qidalardan baş verib”

Şöbə rəhbərinin sözlərinə görə, son bir ay ərzində ev şəraitində keçirilmiş ziyafətlərdə 10-12 zəhərlənmə hadisəsi olub :

“Araşdırmalar zamanı müəyyən olunub ki, qidalar ya düzgün hazırlanmır, ya da ki hazırlandıqdan sonra istifadəsi zamanı gigiyena qaydaları pozulur. Buna görə də, köhnəlmiş qidanı təkrar qəbul edərkən insanlar arasında zəhərlənmə halları baş verir. Bəzi hallarda araşdırmalarımız göstərir ki, evdə təşkil olunan ziyafətlərdə 8-10 adam iştirak edəcəksə, 15-20 nəfərlik qida hazırlanır, artıq qalan qidalar isə məişət soyuducularında saxlanılır. Soyuducu effektiv işləmədiyi halda həmin qida qəbula qədər infeksiyalaşmış olur”.

İ. Abdullayev bildirib ki, may ayında 105 zəhərlənmə hadisəsi baş verib, 124 nəfər zəhərlənib, iyun ayında isə 131 qida zəhərlənməsi baş verib, 151 nəfər zəhərlənib. Bu aylarda baş verən zəhərlənmələrə əsas səbəb salatlar, evdə hazırlanan tortlardır.

Şöbə rəhbəri qeyd edib ki, dondurmadan və qarpızdan zəhərlənmə hadisəsi baş verməyib : “Ümumiyyətlə, praktikamda dondurmadan zəhərlənmə ilə rastlaşmamışam. Qarpız mövsümü başlayandan isə heç bir qarpız zəhərlənməsi baş verməyib. Ötən illərdə olub ki, baş verən bəzi zəhərlənmələri qarpızla əlaqələndiriblər. Amma apardığımız araşdırmalarda qarpız zəhərlənməsi təsdiqini tapmayıb. 15 cür yemək, üstündən də qarpız yeyir, sonra da deyir ki, qarpızdan zəhərləndim. Biz də araşdıranda məlum olur ki, qarpızdan zəhərlənməyib.Qarpızı yetişdirəndə müxtəlif nitratlardan istifadə olunur. Aparılan yoxlamalarda hələ ki, qarpızlarda normadan artıq nitrat aşkar olunmayıb”

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti