KİVDF jurnalistləri mükafatlandırdı
Tədbirdə çıxış edən Vüqar Səfərli bildirib ki, 22 iyul Milli Mətbuatın yaranmasının 138 illik günü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə qatılmaq üçün 92 nəfər jurnalist Fonda yazı təqdim edib. Təqdim edilmiş yazılar Fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib.
Müsabiqəyə təqdim edilmiş yazıı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Təqdim edilmiş sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 45 nəfər jurnalistin müsabiqənin qalibi, 15 nəfər jurnalistin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul ediblər (Müsabiqə qalibi olan jurnalistlərin siyahısı aşağıda təqdim edilir). Müsabiqə şərtlərinə əsasən, yüksək bal toplayaraq qalib olan 45 nəfər jurnalistə 1000 manat, həvəsləndirici yer tutan 15 nəfər jurnalistə isə 300 manat mükafat verilməsi barədə qərar qəbul edilib.
Müşahidə Şurasının üzvləri gündəlikdə duran ikinci məsələ kimi 22 iyul Milli Mətbuatın yaranmasının 138 illik gününün təntənəli şəkildə qeyd edilməsini müzakirə ediblər. Fondun icraçı direktoru tərəfindən təqdim edilən bayram proqramı Müşahidə Şurasının üzvləri tərəfindən məqbul sayılıb. Bayram tədbirlərinin 22 iyul tarixində səhər saat 08:00-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və milli mətbuatın yaradıcısı Həsən bəy Zərdabinin məzarının ziyarəti ilə başlanması qərara alınıb. Bayram şənlikləri axşam saatlarında "Min Bir Gecə" İstirahət Mərkəzində müsabiqə qalibi olmuş jurnalistlərə mükafatların təqdim olunması ilə davam edəcək.