Hicablı qızın 700 bal toplamağının sirri - MÜSAHİBƏ

Hicablı qızın 700 bal toplamağının sirri -  MÜSAHİBƏ
  20 İyul 2013    Oxunub:54626
Ali məktəbə ən yüksək balı toplayan Flora Qafarova AzVision.az-a müsahibə verib.
-Flora, bir az özünü tanıt..

-Sumqayıtda anadan olmuşam. 18 yaşım var. 2002-ci ildə Texniki və Təbiət Elmləri Liseyinə daxil olmuşam.

-Orta məktəbdə qiymətlərin necə olub?

-Birinci sinifdən 11- ci sinifə kimi əla qiymətlərlə oxumuşam. Həmişə ingilis dili müəlliməsi olmaq istəmişəm, 3-cü qrupu da ona görə seçdim. Sonra fikrimi dəyişdim, indi tərcüməçi olmaq istəyirəm. Fikirləşdim ki, müəllimə ola bilmərəm.

-Nə üçün düşündün ki, müəllimə ola bilməzsən?

- Bəzən dərslərini öyrənməkdə qardaşıma kömək edirəm, görürəm ki, öyrətməyə səbrim çatmır. Belə bir nəticəyə gəldim ki, müəllimə ola bilmərəm. Bu, böyük səbr tələb edir.

-Niyə başqa universitetləri yox, məhz Qafqaz Universitetini seçirsən?

-Bir neçə dəfə orada olmuşam, təhsili çox xoşuma gəlir.

-İngilis dilini çox yaxşı bilirsən?

-Hə bilirəm, amma söz bazam yetərli deyil. Çalışacam ki, bu problemi də gələcəkdə aradan qaldırım.

-Təhsilini xaricdə davam etdirmək istəyərdinmi?
-Xeyr, hələ ki Azərbaycanda təhsil almaq istəyirəm.

-Çox savadlısan. Gələcəkdə bunu necə dəyərləndirmək istəyirsən?

-İxtisasımı dəyişmək istəyirəm. İstərdim ki, həkim olum.

-Bəs belə ani qərar verməyə səni nə vadar etdi?

-Əvvəllər də bu barədə düşünmüşdüm, amma artıq gecdir, bildiyiniz kimi 3-cü qrupu seçdim. Həkim olmaq üçün isə sənədlərimi 4-cü qrupa verməli idim. İndi yardıma ehtiyacı olan çox adam var, maddi imkansızlıqdan müalicə oluna bilmirlər. O insanları gördükcə, onlara daha çox xeyir vermək istəyirəm. Fikirləşirəm ki, həkim olsam, bir köməyim dəyər. Tərcüməçi olsam, ancaq özümə xeyir verəcəm.


-Sınaq imtahanlarından neçə bal toplayırdın?

- 650-dən yuxarı ,700 balı qəbula saxlamışdım.

-Suallar asan idi?

-Mənim üçün asan idi.

-“...bu son iki ayı Floranın gecəsi-gündüzü yox idi. Otağın qapısını arxadan bağlayıb, ancaq dərs oxuyurdu. Televizoru açmağa imkan vermirdi ki, imtahan verəndən sonra televizora baxa bilərsiniz”-deyə Floranın nənəsi söhbətimizə müdaxilə edir.

-Təbii ki, imtahandan sonra nə qədər bal toplayacağını təxmin etmək olur. Heç 700 bal toplaya biləcəyini düşünmüşdün?

-Hə, təxminən bilirdim ki, 690 baldan yuxarı toplamışam.

-Bəs imtahana qədər belə yüksək nəticə əldə edəcəyinə inanırdın?

-Bəli, həmişə hədəfim “700” olub. Müəllimlərim də 700 bal toplayacağıma əmin idi.

-Həyəcan oldu?

-Yox. Artıq alışmışdım. Sınaq imtahanlarına çox getmişdim.
Nənəsi : -İmtahana bir gün qalmış dedim ki, ay bala, get yat, səhər imtahandır, dedi ki nə olsun sabah imtahandır, mən hələ oxuyuram.



-Nənə, siz belə nəticəni gözləyirdiniz?

-Hə gözləyirdim, o qədər oxuyurdu ki... Biz bir otaqda yatırıq, mənə də yatmağa imkan vermirdi.

-Flora, heç dərsdən qaçmısan?

-Olub. Bir iki dəfə. Amma çalışırdım qaçmayım. Çox vaxt sinifdə uşaqlar qaçanda 4 nəfər qalırdıq. Sinif nümayəndəsi olduğuma görə qaçan uşaqları məndən soruşurdular. “Bilmirəm”- deyib yalan danışmaq da istəmirdim, sinif yoldaşlarımın xətrinə dəymək də, çalışırdım ki, problemi sakitliklə həll edim.

- Müəllimlərinin səni danladığı vaxtlar olubmu heç?

-Nadir hallarda olub.

-Anan səni döyübmü?

-Anası: -Mən heç onu döyərəm ? Amma arada olub ki, dərsdən evə gec gəldiyinə görə danlamışam.

-Hobbin varmı?

-Futbola baxmağı çox xoşlayıram.

-Hansı futbol klublarına azarkeşlik edirsən?

-“Manchester-United ”və “Qarabağ”.

Nənəsi : - Floranın həm də çox yaxşı əl işləri var. Hazırladığı “buta” hazırda Amerika universitetlərinin birinin muzeyində saxlanılır.

-Millət vəkili Qənirə Paşayeva sənin kimi 700 bal toplayan Nərmin Murğuzova ilə görüşdü. Bəs sən necə, dövlət nümayəndələrimizdən kiminsə səni daha yaxından təbrik etməsini istərdinmi?

-Siyasətə marağım yoxdur.

- Əlavə olaraq yalnız “Araz” hazırlıq kursunamı getmisən?

-Hə, 10-11-ci sinflərdə.


-Necə oldu ki, hicab bağladın?

- İstəyim çoxdan idi. Ancaq orta məktəbdə hicaba icazə verilmədiyi üçün məktəbi bitirəndən sonra hicab bağlamağa başladım. 7-ci sinifdən namaz qılıram.

-Düşünmürsən ki, gələcəkdə universitetdə də, hicabla bağlı problem yaşaya bilərsən?

-Yox.

Nənəsi : -Bunu gələcək göstərər, bəlkə gələcəkdə elə bütün qadınlar hicab bağladı.

-Flora, deyəsən balıqları çox sevirsən. Balıq akvariumunu kimsə hədiyyə edib?

Hə, çox xoşlayıram, ümumiyyətlə, heyvanları xoşlayıram. Balıqları əvvəl mən yemləyirdim, sonradan hazırlığa getdim, qardaşım yemləməyə başladı. Akvariumu isə özüm almışam.


-Rəfiqələrin çoxdur?

-Hə, çoxdur.

-Qızıl medal siyahısına adın niyə düşmədi?

-Bilmirəm. Mənə demədilər, desələr də istəməzdim. Amma məktəbimizdən bir nəfərin adı siyahıda var.

-Flora, sonda yeni təhsil nazirimizə təklifin nə olardı?

-Elə bir təklifim yoxdur. Şagirdlər məktəbdə dərslərinə daha çox diqqət etsinlər. Təkcə bir illik hazırlıq müddətində deyil, qabaqcadan məktəbdə də yaxşı oxusalar, universitetə daxil olmaq asan olacaq. Belə olsa, 700 bal toplayanların sayı daha çox olar.


Nihadə Eyyubova
Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti