Lavrova qarşı etiraz aksiyasını Sarkisyan təşkil edib - ŞƏRH

Lavrova qarşı etiraz aksiyasını Sarkisyan təşkil edib - ŞƏRH
  24 Aprel 2016    Oxunub:14432
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvan səfərinə münasibət bildirib.

Erməni nazir Lavrovun İrəvana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı təkliflər gətirdiyi haqda suala cavab verərək “Siz artıq beşinci dəfədir ki, hansısa paket haqqında soruşursunuz. Lavrov belə bir paket gətirməyib. Bunu Lavrov özü də bəyan etdi. Heç nə uydurmaq lazım deyil”-deyə qeyd edib.

Nalbandyan, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara ciddi zərbə vurulub.



Erməni nazirin çıxışına və Rusiyaya qarşı keçirilən etiraz aksiyalarına münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistanla ciddi danışmağın vaxtı yetişib.

Onun sözlərinə görə, Ermənistanda Rusiya əleyhinə etiraz aksiyaları və guya 5 rayonun geri qaytarılması ilə bağlı xəbərlər imitasiya xarakteri daşıyır: “Bunlara inanmaq lazım deyil. Bəzən bizim mətbuatda xəbərlər yayılır ki, 5 rayon azad edilir və Serj Sarkisyan erməniləri buna hazırlayır. Bu bizi sakitləşdirmək məqsədi daşıyır. Biz isə sakitləşməməliyik, çalışmalıyıq ki, Rusiya Ermənistana təzyiqlərini artırsın və ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ münaqişəsi həll olunsun”.

E.Şahinoğlunun fikrincə, Azərbaycan Ermənistanla açıq danışmalı və işğala son qoyması üçün vaxt qoymalıdır: “Biz açıq şəkildə bəyan etməliyik ki, yaxın 2 ay ərzində danışıqlar fayda verməsə, atəşkəsin pozulması və müharibənin başlaması ehtimalının çox olduğu fikrini daim təkrarlamalıyıq. Bu halda işğalçını təzyiq altında saxlayaraq münaqişənin həllinə nail ola bilərik”.



Politoloq Fikrət Sadıqov isə bildirib ki, erməni rəsmilərin açıqlamaları, bu ölkədə keçirilən anti-Rusiya aksiyaları Serj Sarkisyan tərəfindən təşkil olunmuş şounun tərkib hissəsidir:

“Ermənistan rəsmiləri verdikləri bəyanatlarla, təşkil etdikləri etiraz aksiyaları ilə don geyindirmək istəyirlər ki, guya xalq Rusiyadan narazıdır. Ancaq, onlar başa düşmürlər ki, Rusiya onları əbədi olaraq müdafiə edə bilməz. Çünki, ermənilərin işğal olunmuş torpaqlarımızda olduğunu hamı başa düşür. Bununla ermənilər Rusiyaya demək istəyirlər ki, itkilər veriblər, zərər çəkiblər. Eyni zamanda belə aksiyalarla Rusiyaya müttəfiq olduqlarını xatırlatmaq istəyirlər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti