ELSA beynəlxalq mükafatın qalibi oldu - FOTOLAR

ELSA beynəlxalq mükafatın qalibi oldu - FOTOLAR
  25 Aprel 2016    Oxunub:3217
ELSA Azərbaycan Maltada keçirilmiş 69-cu Beynəlxalq Şura Toplantısında Avropa Şurası tərəfindən təsis edilmiş və il ərzində insan hüquqlarının təbliği sahəsində keçirilən ən yaxşı tədbirə görə verilən ELSA Day mükafatının qalibi olub.
AzVision.az xəbər verir ki, ELSA Azərbaycanın təşkil etdiyi Orange Movie Festival qısametrajlı film müsabiqəsi keçirilən digər 150 tədbir arasında birinci yerə layiq görülüb. Mükafatı təşkilatın Prezidenti Faiq Ömərov Avropa Şurasının İctimai Əlaqələr üzrə Attaşesi xanım Barbara Orkwiszewska-dan qəbul edib. ELSA Beynəlxalq İdarə Heyətinin Akademik Fəaliyyətlər üzrə Vitse-Prezidenti Antonia Markoviti bildirib:

"Bu il gender bərabərliyi mövzusunda keçirilən tədbirlərin çoxluğu bizi xoş mənada təəccübləndirdi. Tədbirlər arasında qalibi seçmək bizim üçün çətin idi. Ancaq, ELSA Azərbaycanın çoxtərəfli tədbiri bizi əmin etdi ki Gender Bərabərliyi barədə maarifləndirmə ancaq hüquqi bilik, incəsənət, media və çoxsaylı gənclərin iştirakı ilə mümkün ola bilər. ELSA Azərbaycanı ürəkdən təbrik edirik!"

Qeyd edək ki, 25 noyabr tarixində ELSA Azərbaycan tərəfindən The Orange Movie Festival qısametrajlı film müsabiqəsi keçirilmişdi. ELSA Day hər il Noyabr ayının 25-i qeyd olunur və bugün ELSA-nın Avropanın 43 ölkəsində olan milli və lokal nümayəndəlikləri insan hüquqlarının təbliği ilə bağlı tədbirlər həyata keçirirlər.

2015-ci il üçün seçilən mövzu Gender Bərabərliyi idi. ELSA Azərbaycanın keçirdiyi layihə 2 aylıq bir müddəti əhatə etmiş və 2 mərhələdən ibarət olmuşdur. Birinci mərhələdə iştirakçılar Gender Bərabərliyi mövzusunda təlimlərdə iştirak etmişlər. İkinci mərhələdə mövzu çərçivəsində hazırlanan videolar təşkilat komitəsi tərəfindən qəbul edilmiş, qiymətləndirilmiş və keçirilən tədbirdə geniş auditoriyaya təqdim olunmuşdur. Tədbirdə 12 film yarışmış, ümumilikdə isə 120 nəfər tamaşaçı iştirak etmişdir. Elvira Velehovanın “Çünki sən qadınsan” filmi birinci, Aydan Ağazadənin “S(He)” filmi ikinci, Cavid Məhyəddinovun “Woman in frame” filmi isə üçüncü yeri tutmuşdur.

ELSA Avropanın 43 ölkəsində fəaliyyət göstərir və 210 universitetdə təhsil alan 40 mindən artıq gənc hüquqşünası özündə birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsi və cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsidir. Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. ELSA Azərbaycan hazırda təşkilatın ən fəal üzvlərindən biridir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti