Baş prokuror Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşdü

Baş prokuror Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşdü
  25 Aprel 2016    Oxunub:1868
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səudiyyə Ərəbistanı Krallığının hüquq mühafizə orqanları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Səudiyyə Ərəbistanı Krallığının Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin Təlim fakültəsinin dekanı Məhəmməd Həsən Əlsarra və Əd-Diriyə dairəsinin prokuroru Müsəid bin Əbdülrəhman bin Ayəfin başçılıq etdikləri tərkibinə müxtəlif dairələrin prokurorlarının və digər məsul əməkdaşlarının daxil olduğu geniş nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.



Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.



Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokurorluğunda olublar. Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafı, hər iki dövlət başçılarının siyasi iradələri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini qeyd edərək Prezident cənab İlham Əliyevin 5-7 aprel 2015-ci il tarixlərdə Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri zamanı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud ilə görüşünü xüsusi vurğulayıb.



Qafqaz ölkələri və Mərkəzi Asiya regionunda ölkəmizin təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə seçilməsini yüksək qiymətləndirən Baş prokuror bu münasibətlə Səudiyyə Ərəbistanı Krallığının siyasi və təhlükəsizlik məsələləri üzrə Şurasının başçısı, Baş nazirin birinci müavini, daxili işlər naziri və Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin Şura sədri Əmir Məhəmməd bin Naif Əl Səuda öz minnətdarlığını ifadə etmiş, BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Mühakiməsi sahəsindəki Proqramlarının bir hissəsini təşkil edən dünya üzrə 17 mərkəzdən biri olan bu mötəbər təhsil müəssisəsinin ölkəmizin məhkəmə-hüquq sistemi ilə tanışlığının hüquq ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Səudiyyə Ərəbistanı Krallığının həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, cari il aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammiti çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün bir daha pislənməsinə dair Yekun Bəyannamənin qəbulu zamanı Səudiyyə Ərəbistanının obyektiv və ədalətli mövqeyinin əhəmiyyəti xüsusi qeyd edilib.

Səudiyyə Ərəbistanında yerləşən İslam dininin müqəddəs məkanlarını hər il minlərlə azərbaycanlının ziyarət etməsinin iki ölkə arasında münasibətlərin genişlənməsində mühüm rol oynamasını qeyd edən Z.Qaralov iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə genişləndiyini söyləyərək son illər Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayıb. Baş prokuror bu müsbət inkişafın hüquqi sahədə əməkdaşlıqda da müşahidə olunduğunu bildirib.

Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin Təlim fakültəsinin dekanı Məhəmməd Həsən Əlsarra hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini bildirdi. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qardaşlıq əlaqələrinin sıx olduğunu bildirən qonaq ölkəmizin çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirləri alqışlayıb.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olmuşdur. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə və eksponatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanmış guşə qonaqlarda xüsusi təəssürat oyadıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində ölkəmizin məhkəmə-hüquq sistemi haqqında geniş məlumat verilmiş, təcrübə mübadiləsi məsələləri müzakirə edilmişdir. Daha sonra nümayəndə heyəti Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Nümayəndə heyətinin səfəri davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti