`Azərbaycanda bütün azadlıqlar təmin edilir` - İlham Əliyev (VİDEO)

`Azərbaycanda bütün azadlıqlar təmin edilir` - İlham Əliyev (VİDEO)
  26 Aprel 2016    Oxunub:13018
Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, bir neçə ölkənin dövlət və hökumət başçısı iştirak edirlər.

Ümumilikdə foruma 146-dan çox ölkədən 2000 nəfərə yaxın iştirakçı, o cümlədən siyasi liderlər, beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələrinin, habelə donor agentlikləri və fondların nümayəndələrinə qatılıb.

Hazırda Azərbaycan prezidenti İlham Əliyev forumda çıxış edir. O, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi bizim üçün böyük şərəfdir:

“Ölkəmiz nəinki Şərqlə Qərb arasında körpüdür, burada hər zaman multikultiralizm olub. Azərbaycan çoxkonfessiyalı ölkədir. Biz öz tarixi abidələrimizlə fəxr edirik. Bu ölkədə müxtəlif xalqlar yaşayıb-yaradıblar. Ən qədim kilsələrdən biri olan Alban kilsəsi Azərbaycanda yerləşir.

Azərbaycan müstəqillik baxımından gənc dövlətdir. Multikultiralizm bizim üçün dövlət siyasətidir. Bu istiqamətdə xeyli tədbirlər keçirmişik”.

O, bildirib ki, Multikulturalizm trendlərinin gücləndirilməsi çox müsbət tendensiya ola bilər. Bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya töhfə verməlidirlər:

“Çünki bunun əksi ksenofobiyadır. Azərbaycan beynəlxalq birliyin layiqli üzvünə çevrilib. Azərbaycan BMT-nin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bunun nəticəsi idi. Azərbaycanda bütün azadlıqlar təmin edilir. İqtisadi islahatlar da siyasi islahatlarla paralel aparılır”.

Ölkə başçısı qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansının yaradılması Türkiyə və İspaniyanın təşəbbüsü olub:

“Azərbaycan əsərlər boyu mədəniyyətlər və dinlərin kəsişməsində yerləşib. Əsrlər boyu dinlər, mədəniyyətlər Azərbaycanda inkişaf edib. Azərbaycanda hər zaman tolerantlıq, multikulturalizm mövcud olub. Ona görə də Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada yaşayır, yaradırlar. Bu, zənginliyimizdir, biz tariximizlə fərəhlənirik. Müxtəlif mədəniyyətlərin nümayəndələri Azərbaycanda yaşayıb, yaradıblar. Azərbaycanda ən qədim kilsələr, alban kilsələri, o cümlədən Şamaxıda ilk məscidlərdən biri yerləşir. Biz sinaqoqların bərpası ilə məşğul olmuşuq. Azərbaycan əsrlər boyu bu zənginlikləri qoruyub saxlayıb”.

Prezident İlham Əliyev müasir Azərbaycanın 25 illik müstəqillik tarixi olduğunu xatırladıb: “Ancaq ölkə kimi tariximiz qədimdir. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir, son illər bir çox tədbirlər Azərbaycanda təşkil olunub. Bütün bunların məqsədi müxtəlif dinlər arasında dialoq qurmaqdır. Bu gün bu mövzu qlobal gündəlikdə duran ən mühüm mövzulardan biridir. Əfsuslar olsun ki, biz keçmiş SSRİ və Avropa ərazisində bəzi narahatlıq doğuran məsələləri müşahidə edirik, toqquşmalarda təəssüf ki, dini səbəblər də görürük”.

Dövlət başçısı, həmçinin vurğulayıb ki, 2008-ci ildə Bakı prosesinin yaradılması təşəbbüsü irəli sürülüb: “Azərbaycan yeganə ölkələrdəndir ki, 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatı üzvləri və Avropa dövlətlərini bir yerə toplayıb. Bakı prosesi genişlənir, qlobal təşəbbüsə çevrilir, sülh və mədəniyyətlərarası dialoqa xidmət edir”.

“İşğala baxmayaraq, Azərbaycan inkişaf edir. 2014-cü ilə qədər Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkələrdən biri olub” –deyən Dövlət başçısı xatırladıb ki, Azərbaycanda qadınlar əsrin əvvəlində səsvermə hüququ qazanıblar:

“Azərbaycan zəngin enerji resurslarına malikdir, lakin əsas məqsədimiz “qara qızıl”ı insan kapitalına çevirməkdir. İslahatların aparılması göstərir ki, iqtisadiyyatımız şaxələndirilmiş iqtisadiyyatdır, neft və qazdan asılılığımız azalır”.

Prezident Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb: “Şərq-Qərb nəqliyyat dəhlizi yeni bir İpək Yolu olacaq. Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında da aktiv iştirak edir. Əgər ölkələr qarşılıqlı əlaqədədirsə, daha çox inkişaf edirlər. Biz daha yaxşı əməkdaşlıq formalarının yaranması istiqamətində çalışırıq. Multikulturalizm, tolerantlıq region xalqlarının həyatını daha da yaxşılaşdıracaq”.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  






Xəbər lenti