`Bizim gücümüz birliyimizdədir`- İlham Əliyev

`Bizim gücümüz birliyimizdədir`- İlham Əliyev
  21 İyul 2013    Oxunub:1283
Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin səfirlərini qəbul edib
İyulun 20-də Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev görüş iştirakçılarını salamlayaraq Ramazan ayında bu cür görüşlərin gözəl ənənəyə çevrildiyini qeyd edib:

“Mən sizi görməyimə çox şadam. Keçən ilin avqust ayında da görüşmüşdük. Eyni zamanda, il ərzində müxtəlif tədbirlərdə də bir yerdə idik. Mən çox şadam ki, müsəlman ölkələrinin səfirləri bizim mərasimlərimizdə fəal iştirak edirlər. Xüsusilə qədim məscidlərimizin təmirdən sonra açılışlarında da iştirak edirlər. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidlərinin açılışlarında da biz bərabər idik. Bu ilin may ayında Azərbaycanın və müsəlman aləminin ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidinin əsaslı təmirdən sonra açılışında da biz bərabər idik”.

Dövlət başçısı qeyd edib ki, bütün bu məsələlər daha da birləşdirir və İslam aləmində qarşılıqlı anlaşmanı gücləndirir: “Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri var. Ölkələrimiz dost, qardaş ölkələrdir. Mən çox şadam ki, müsəlman ölkələrinin səfirliklərinin sayı Azərbaycanda artır. Biz də öz növbəmizdə diplomatik nümayəndəliklərimizi də müsəlman ölkələrində artırırıq. Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə də inkişaf var. Ancaq hesab edirəm ki, gələcək illərdə iqtisadi sahədə əməkdaşlığa daha da böyük diqqət verilməlidir. Eyni zamanda, bizim ölkələrimiz beynəlxalq təşkilatlarda da uğurla fəaliyyət göstərirlər, bir-birinə dəstək olurlar. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində bir-birini daim dəstəkləyib. İki il bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də müsəlman ölkələrinin səyi çox əhəmiyyətli idi. Biz bu dəstəyə görə minnətdarıq”.


Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də biz daim müsəlman ölkələrinin dəstəyini hiss edirik.

Bildiyiniz kimi, Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı artmaqdadır. Biz çox şadıq ki, Xocalı soyqırımını soyqırımı kimi ilk tanıyan ölkə müsəlman ölkəsi Pakistan olmuşdur. “Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıbdır. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş ərazilərə iki dəfə baş çəkibdir. Qeyd edibdir ki, hər şey dağıdılıbdır. Bütün binalar, ictimai obyektlər, tarixi abidələr, qəbirlər, məscidlər – hər şey ermənilər tərəfindən dağıdılıbdır. Münaqişənin həlli üçün beynəlxalq hüquq normaları vardır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır və bu qətnamələr qeyd-şərtsiz icra edilməlidir. Bir daha demək istəyirəm ki, bizim mövqeyimizə verdiyiniz dəstəyə görə sizə minnətdaram”.

İlham Əliyev qeyd edib ki, Azərbaycan, eyni zamanda, İslam həmrəylinin gücləndirilməsi işinə də öz töhfəsini verir və gələcəkdə bunu davam edəcəkdir.

“Son illər ərzində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda nazirlər səviyyəsində beş konfrans keçirilmişdir. Eyni zamanda, bu yaxınlarda Bakıda Fələstinə yardım məqsədi ilə donor konfransı keçirilmişdir. Biz bu sahədəki səylərimizi bundan sonra da davam etdirəcəyik. İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi dəstək, Azərbaycanda görülmüş işlərə verdiyi qiymət bizi sevindirir və ruhlandırır. Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, İslam həmrəyliyi məsələlərində çox fəaldır. Biz bundan sonra da çalışacağıq ki, İslam aləmində birliyi daha da möhkəmləndirək. Buna böyük ehtiyac vardır, çünki bizim gücümüz birliyimizdədir. Biz daim bütün məsələlərdə bir-birimizə dəstək verməliyik”.

Prezident dünyada mədəniyyətlərarası məsələlərdə də müsbətə doğru irəliləyiş olmağa doğru çalışdıqlarını vurğulayıb:

“Bildiyiniz kimi, Azərbaycanda bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Artıq beş ildir ki, Bakı prosesi davam edir. Bakı prosesi 2008-ci ildə başlamışdır. O vaxt biz Avropa Şurasına üzv ölkələrin nazirlərinin toplantısına müsəlman ölkələrinin nazirlərini dəvət etmişdik. Beləliklə, ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatını və Avropa Şurasını təmsil edən nazirlər bir araya gəlmişlər. Ondan sonra 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə burada keçirilən konfransa biz Avropa Şurasına üzv ölkələrin nazirlərini dəvət etdik. Bildiyiniz kimi, son illər ərzində Bakıda iki dəfə Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Biz hesab edirik ki, belə tədbirlərin keçirilməsində böyük fayda və böyük ehtiyac vardır. Biz hesab edirik ki, müxtəlif dinlərə mənsub olan xalqlar, millətlər sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər və yaşamalıdırlar da. XXI əsrdə ayrı-seçkiliyə, diskriminasiyaya yol vermək olmaz. Bəzi ölkələrdə islamofobiya meyllərinin gücləndirilməsi bizi haqlı olaraq narahat edir və hiddətləndirir. Bu meyllərə qarşı biz birgə mövqe ortaya qoymalıyıq və səylərimizi daha da birləşdirməliyik. Eyni zamanda, İslam dininin sülhsevər, mərhəmətli din olduğunu dünyada daha da geniş şəkildə təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan müxtəlif beynəlxalq tədbirlər də həyata keçirir. Keçən il dünyanın ən məşhur muzeyi olan Luvr muzeyində İslam mədəniyyəti bölməsi açılmışdır. Biz fərəh hissi ilə deyə bilərik ki, Azərbaycan bu bölmənin yaradılmasına öz dəstəyini və töhfəsini vermişdir. Eyni zamanda, Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda öz sərgisini keçirə bilmişdir. Ona görə hesab edirəm ki, biz bu istiqamətdə səylərimizi daha da sıx birləşdirməliyik və birgə fəaliyyət göstərməliyik. Öz tariximizi, dinimizi, adət-ənənələrimizi olduğu kimi dünyaya daha dolğun şəkildə təqdim etməliyik”.

AzVision.az



Teqlər:  





Xəbər lenti