Vətəndaşların polislə əməkdaşlığı - Yeni qaydalar

Vətəndaşların polislə əməkdaşlığı - Yeni qaydalar
  26 Aprel 2016    Oxunub:2762
Daxili İşlər Nazirliyinin Kollegiyası “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası”nı təsdiq edib.
Qayda bu gündən qüvvəyə minib. Qayda vətəndaşların ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığının təşkili ilə bağlı məsələləri tənzimləyir. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı onların ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur və bu, onların qanunvericiliklə qadağan olunmayan fəaliyyətlə məşğul olmalarını istisna etmir. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar özlərini polis orqanlarının vəzifəli şəxsi kimi təqdim edə, eləcə də hal şahidi kimi prosessual hərəkətdə iştirak edə bilməzlər. İctimai asayişin qorunmasına şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər. İctimai asayişin qorunmasında iştirak etmək istəyən vətəndaşların ümumi dünyagörüşünün, şəxsi və işgüzar keyfiyyətlərinin, habelə ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsahibə keçirilir.

Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş şəxslər, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər, inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər ictimai asayişin qorunmasına cəlb edilə bilməzlər. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar fəaliyyətə başlamazdan əvvəl müəyyən edilmiş qaydada müvafiq ilkin hazırlıq keçmələri üçün Nazirliyin A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 15 gün müddətində xüsusi kurslara cəlb edilirlər. İctimai asayişin qorunmasına cəlb edilən şəxslər əməkdaşlıq etməyə başladıqları gündən şəhər, rayon polis orqanı tərəfindən dövlət hesabına xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin olunurlar. Həmin şəxslər səlahiyyətlərini həyata keçirərkən üzərində döş nişanı olan xüsusi geyim formasını daşımalı, hər hansı şəxsə müraciət edərkən adını, soyadını bildirməli və vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. İctimai asayişin qorunmasına cəlb edilmiş şəxslər öz səlahiyyətlərini həyata keçirərkən təhkim olunduğu polisin vəzifəli şəxsinə tabedir.

İctimai asayişin qorunmasına cəlb edilmiş şəxslər açıq-aşkar qanunazidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı, bu barədə polisin rəhbərliyinə məlumat verməlidir. Açıq-aşkar qanunsuz əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Belə əmri və ya göstərişi icra edən ictimai asayişin qorunmasına cəlb edilən şəxs qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. İctimai asayişin qorunmasına cəlb edilən şəxs zor tətbiq edilməklə törədilən cinayətin qarşısının alınması və onu törədən şəxsin tutulması zamanı son zərurət və zəruri müdafiə vəziyyətində fiziki qüvvə tətbiq edərkən hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, eləcə də ona göstərilən müqavimətin dərəcəsindən asılı olaraq vurulan zərərin minimal olmasına cəhd etməlidir. İctimai asayişin qorunmasına cəlb edilmiş şəxslərin fəaliyyəti ildə bir dəfədən az olmayaraq şəhər, rayon polis orqanının xidmət üzrə rəis müavini tərəfindən qiymətləndirilir və əməkdaşlığın davam etdirilməsinin məqsədəmüfaviqliyi barədə rəy hazırlanıb polis orqanının rəisinə məruzə olunur.

Vətəndaşlar ictimai asayişin və təhlükəsizliyin təmin olunması ilə bağlı fəaliyyətə hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısını almaq məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək üçün zəruri məlumatların polis orqanlarına verilməsi üzrə cəlb edilirlər. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar ictimai asayişin qorunması ilə bağlı hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürə, insanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükəni aradan qaldırmaq, habelə əmlakın talanmasının və məhv edilməsinin qarşısını ala, ictimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumatı toplayıb polis orqanlarına təqdim edə, ictimai asayişin qorunması sahəsində polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdə, əhalinin hüquqi maarifləndirilməsində iştirak edə, qanunvericiliyə zidd olmayan digər tədbirlər həyata keçirə bilərlər.

İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların polis orqanları tərəfindən əhali arasında aparılan hüquqi maarifləndirilmə və təbliğat işlərində, əhalinin müxtəlif qrup və təbəqələri ilə polisin qarşılıqlı əlaqələrinin və etimad mühitinin möhkəmləndirilməsi üçün tədbirlərdə, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə geniş vətəndaş iştirakçılığına nail olunması üçün tədbirlərdə iştirak etmək, cinayətlərin və digər hüquqpozmaların törədilməsinə, o cümlədən narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının yayılmasına şərait yaradan hallar barədə polis orqanını məlumatlandırmaq və onların aradan qaldırılması üzrə tədbirlərdə, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlərdə iştirak etmək, ictimai asayişin qorunmasına cəlb olunduğu ərazidə yerləşən evlərdə və mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi ilə bağlı əhali arasında təbliğat aparmaq, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, həmin şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərən kriminogen amillərin qarşısının alınması üzrə həyata keçirilən tədbirlərdə iştirak etmək vəzifələri var. Həmin şəxslərin vəzifələri sırasına ictimai asayişin qorunmasına cəlb olunduğu ərazidə törədilmiş məişət zorakılığı halları barədə təhkim olunduğu əməkdaşı məlumatlandırmaq, məişət zorakılığı törətmiş şəxslərlə aparılan tərbiyəvi-qabaqlayıcı işdə iştirak etmək, ictimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumat toplayıb polis orqanlarına təqdim etmək, hazırlanan, törədilən və ya törədilmiş cinayətlər barədə məlumatı dərhal əməkdaşlıq etdiyi polis orqanına təqdim etmək, itkin düşmüş şəxslərin yerinin və naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlərdə (əməliyyat-axtarış fəaliyyəti istisna olmaqla) iştirak etmək, cinayətdən və digər hüquqpozmalardan, bədbəxt hadisədən zərər çəkmiş, həmçinin köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə kömək və ilkin tibbi yardım göstərmək, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri hazırlayan, əldə edən, saxlayan, satan, həkim təyinatı olmadan qəbul edən, belə vasitələrin qəbuluna təhrik edən, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər barədə polis orqanını məlumatlandırmaq, ictimai asayişin qorunmasına cəlb olunduğu ərazidə ictimai mənəviyyat əleyhinə hüquqazidd əməllərlə məşğul olan, o cümlədən əxlaqsızlıq yuvaları saxlayan şəxslər barədə polis orqanını məlumatlandırmaq, bu hüquqpozmaların qarşısının alınması üzrə tədbirlərdə (əməliyyat-axtarış fəaliyyəti istisna olmaqla) iştirak etmək, itirilmiş əmlakın, o cümlədən sənədlərin sahiblərinə qaytarılması üçün aidiyyəti üzrə təhvil vermək, daxili işlər orqanlarının vahid dislokasiya planı ilə müəyyən edilmiş post və marşrutda patrul xidmətinin aparılmasında iştirak etmək, ictimai yerlərdə spirtli içkilərin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı, vətəndaşlar tərəfindən törədilən xırda xuliqanlıq faktlarının və ictimai qaydanın digər formada pozulması hallarının qarşısının alınmasında iştirak etmək, avaralıqla, o cümlədən dilənçiliklə məşğul olan şəxslər barədə polis orqanını məlumatlandırmaq, bu hüquqpozmaların qarşısının alınması üzrə tədbirlərdə iştirak etmək, kütləvi tədbirlər zamanı ictimai asayişin qorunmasında iştirak etmək, vətəndaşların kütləvi toplaşdığı yerlərdə vizual müşahidə aparmaq, şübhəli şəxslər barədə polis orqanını məlumatlandırmaq, təbii fəlakətlər, qəzalar və digər fövqəladə hallar zamanı insanların və əmlakın xilas edilməsi tədbirlərində iştirak etmək, ictimai asayişin qorunmasına cəlb olunduğu ərazidə yaşayış yeri üzrə qeydiyyat qaydalarını pozan, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslər haqqında polis orqanını məlumatlandırmaq, tütün məmulatlarından istifadə edən, alkoqollu içkilər və digər güclü təsir edən maddələr qəbul edən yetkinlik yaşına çatmayanlardan belə əməllərə son qoyulmasını tələb etmək, bu hərəkətlərə şərait yaradan halların aradan qaldırılmasında və həmin şəxslərlə fərdi profilaktik işin aparılmasında iştirak etmək, yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə və digər hüquqazidd hərəkətlərə cəlb edən, onların tərbiyəsi, təhsili və saxlanılması üzrə vəzifələrini yerinə yetirməyən valideynləri və digər qanuni nümayəndələri müəyyən etmək, bu barədə polis orqanına məlumat vermək, fiziki qüvvə tətbiq edildiyi hər bir halda bu barədə dərhal cəlb olunduğu xidmət sahəsinin rəhbərinə məlumat vermək və ya şəhər, rayon polis orqanının rəhbərinə ətraflı yazılı məlumat hazırlamaq vəzifələri də var.

İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək, cinayət baş verdikdə və ya cinayət baş verdikdən bilavasitə sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə yaxalanması üçün şəxsin tutulmasında cinayət təqibi orqanına köməklik göstərmək, o cümlədən cinayət törətmiş şəxs müqavimət göstərdikdə əl-ayağını bağlamaq, üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olmasını ehtimal etdikdə üstünü yoxlayaraq, bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürmək, zor tətbiq edilməklə törədilən cinayətin qarşısının alınması və onu törədən şəxsin tutulması zamanı son zərurət və zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq fiziki qüvvə tətbiq etmək hüquqları var. Qrup halında və ya silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə fiziki qüvvənin tətbiqi qadağandır. (Apa)


Teqlər:  





Xəbər lenti