Ermənilər kəndlərimizi atəşə tutdu - YENİLƏNİB

Ermənilər kəndlərimizi atəşə tutdu - YENİLƏNİB
  27 Aprel 2016    Oxunub:65866
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozub.

AzVision.az xəbər verir ki, bu gün axşam saat 22:00 radələrindən başlayaraq erməni işğalçıları mövqelərimizə ağır artileriya ilə atəş açmağa başlayıb.

Tərtər sakinlərinin saytımıza verdiyi məlumata görə, düşmən rayonun Qapanlı, Seyidimli, Qarağacı, Düyərli kəndlərini atəşə tutub.

Qarağacı kəndinin bələdiyyə sədri Rizvan Əzizov bildirib ki, hazırda cəbhə xəttində vəziyyət gərgindir.

“Bu dəqiqələrdə atışma davam edir. Məndə olan məlumata görə, bir neçə mülki evə ciddi ziyan dəyib. Sakinlər evlərindədirlər. Düşmən təxribatı səngimir. Ermənilər əsasən top və minaatalanlardan istifadə edir. Qapanlı, Seyidimli, Qarağacı, Düyərli kəndləri və Tərtər rayonunun mərkəzi atəşə tutulur. Ordumuz düşmənə cavab verir”.

***

Tərtərin Azad Qaraqoyunlu kəndi də düşmən atəşinə məruz qalıb.

Kənd bəldiyyəsindən AzVision.az-a verilən məlumata görə, ermənilər bu gün axşam saatlarında əkin sahələrinə və mülki evlərə zərbələr endirib.

***

Əldə etdiyimiz son məlumata görə, Goranboy istiqamətində nisbi sakitlik hökm sürür.

Bu barədə AzVision.az-a rayonun Tapqarqaraqoyunlu kəndinin bələdiyyə sədri Abbas Allahverdiyev məlumat verib.

***

Hal-hazırda cəbhə xəttində düşmən təxribatı davam edir.

Tərtər rayonunun Sarıcalı-Düyə kəndinin bələdiyyə sədri Bayramov İldırım AzVision.az-a açıqlamasında mülkü evlərin düşmən tərəfindən atəşə tutulduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurur: "Hazırda atışma gedir. Axşam saatlarında ermənilər kəndlərimizi atəşə tutmağa başladılar. Düşmən bu dəfə iri çaplı silahlardan, topdan istifadə edir"

***

(Saat 23:37)

Tərtər sakinlərinin sözlərinə görə, düşmənin atdığı mərmi rayonun mərkəzinə düşüb. Rayonun Teymur Rəhim küçəsində bir neçə evə ziyan dəyib. Mülki əhali arasında xəsarət alan olmayıb.

Hal-hazırda erməni silahlı qüvvələri Tərtər istiqamətində intensiv atəş açır.

***
Saat (23:42)

Ağdamın Qərvənd kəndinin bələdiyyə sədi Azər Mikayılov rayonda nisbi sakitliyin hökm sürdüyünü bildirib: "Ağdam istiqamatində atəş səsləri eşidilmir. Kənddə sakitlik hökm sürür".

***

Saat (00:01)

Tərtərin Qarağacı kəndinin bələdiyyə sədri Rizvan Əzizovun saytımıza verdiyi məlumata görə, hazırda təmas xəttində atışma səngiyib.

“Atışma bir az səngiyib. Ermənilər ara-sıra atəş açırlar. Bayaqki kimi şiddətli döyüşlər getmir. Ordumuz düşməni yerinə oturtdu”

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti