`Deyirlər daha 25 il də danışıqlar aparın` - Novruz Məmmədov

`Deyirlər daha 25 il də danışıqlar aparın` - Novruz Məmmədov
  27 Aprel 2016    Oxunub:3371
“Biz “Taliban” kimi hərəkatların hansı səbəbdən yaranmasını araşdırmalıyıq”.

AzVision.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində baş tutan "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" adlı panel müzakirəsində çıxışı zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

PA rəsmisi bildirib ki, əgər bu problemin səbəblərini anlamasaq, onda biz bu problemlərinin həlli yolunu da tapa bilmərik: “SSRİ-nin süqutundan sonrakı vəziyyət analiz edilməlidir. Əvvəllər dünyanın ən azı 10 ölkəsində problemlər yaşanırdısa, hazırda dünyanın 50-dən çox ölkəsində problemlər yaşanır. Bütün bu proseslər, müxtəlif geosiyasi güclər tərəfindən yaradılır. Gəlin, İŞİD və ya “Boko Haram” terror təşkilatları barədə danışaq. Hazırda 220 gənc qız “Boko Haram” tərəfindən girov götürülüb. Lakin bu məsələ ilə bağlı dünya birliyi heç bir reaksiya verməyib. Düşünürük ki, heç kim onların taleyi haqqında məlumat vermir”.

N.Məmmədov qeyd edib ki, Azərbaycanın 20 ildir Ermənistanla Dağlıq Qarabağ münaqişəsi mövcuddur: “Təsəvvür edək ki, Dağlıq Qarabağ mübahisəli ərazidir. Bir daha deyirəm, təsəvvür edin. Lakin Azərbaycanın işğal altında olan digər yeddi rayonu barədə heç kim heç nə demir. Dünya birliyi sanki bu məsələni görməzdən gəlir.

Bizə deyirlər danışıqları davam etdirin. Yəni, 25 il danışıqlar aparmısınız, daha 25 il də danışıqlar aparın. Bu vəziyyət nə qədər davam edə bilər? Hələ də deyirlər ki, problemi özünüz həll edin. Bu məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir”.

PA rəsmisinin sözlərinə görə, ATƏT-in Minsk qrupu heç vaxt demir ki, münaqişə beynəlxalq hüquq əsasında həll olunmalıdır. N.Məmmədov bildirib ki, Azərbaycan beynəlxalq hüquqa ədalət mənbəyi kimi baxır:

“Liviya ilə bağlı BMT qətnaməsi dərhal icra olundu. Amma Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən heç kim danışmır. Beynəlxalq hüquqdan danışılmadığı üçün bir çox regionlarda və Azərbaycanda belə durum mövcuddur. Biz ədalət istəyirik, amma bu, baş vermir. Çünki aparıcı dövlətlər bunu istəmir.

Əgər beynəlxalq hüquq kiminsə marağındadırsa, dünya gücləri gecə-gündüz bu barədə daha çox danışırlar. Nümunə kimi Liviyanı götürək. Liviya barədə hələ hərbi təyyarələr hava da olduğu vaxt BMT qətnamələri qəbul və icra olunur. Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə heç bir ölkə beynəlxalq hüquqdan danışmır. BMT-nin 4 qətnaməsi yerinə yetirilmir. Bu həm bizim ölkəmizə, həm də dünya birliyinin icmasına ciddi ziyan vurur. Biz ədalət istəyirik. Lakin bunun baş tutmamasının səbəbi nədir? Çünki dünyanın aparıcı dövlətləri bunu istəmir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti