`Sarkisyan özünə pislik edir` - Bakıdan İrəvana mesaj

`Sarkisyan özünə pislik edir` - Bakıdan İrəvana mesaj
  27 Aprel 2016    Oxunub:2997
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsini yalnız sülh və danışıqlar yolu ilə həll etmək istəyir”
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.

PA rəsmisi qeyd edib ki, Azərbaycan 20 ildən artıq bir müddətdə bu yola sədaqətini nümayiş etdirir: “Bizim fikirimiz bundan ibarətdir ki, münaqişənin həlli ilə bağlı irəliyə getmək üçün imkan yarananda Ermənistan təxribata əl atır”.

PA rəsmisi daha sonra qeyd edib: “Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin marağını görüb, təxribata əl atdı, təxribatının cavabını da aldı. İki gün əvvəl isə Ermənistan prezidenti Serj Sarkisyan bəyan deyib ki, artıq danışıqlara getməyəcək. Ermənistan prezidenti danışıqlara getməməklə özünə və xalqına pislik edir. Biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik. Beynəlxalq birliyin köməyi ilə buna nail olacağıq. Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünsün”.

Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı suala cavabında N.Məmmədov deyib ki, bu məsələləri mətbuatda müxtəlif tərəflər ortaya qoyub: “Bununla bağlı konkret heç nə deyə bilmərəm. Konkret addımlar atılsa, danışıqlar prosesində bununla bağlı söz demək olar. İndi heç danışıqlar başlamayıb. Qeyd olunan məsələ ilə bağlı konkret məsələ olarsa, öz mövqeyimizi ortaya qoyarıq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti