`Erməni mətbuatı Azərbaycanı ləkələməklə məşğuldur`
“Media ekstremizmin, zorakılığın və irqi ayrı-seçkiliyin bir hissəsinə çevrilir. Bəzi hallarda bu, bilərəkdən siyasi rejimlər tərəfindən edilir, bəzi hallarda isə qeyri-peşəkarlığın nəticəsi kimi qiymətləndirilə bilər. Bəzi hallarda isə dünyanın aparıcı media vasitələri də münaqişələri işıqlandırarkən düşmən imicinin yaradılması trendinin təsirinə məruz qalır.
Ötən 20 il ərzində keçmiş sovet ölkələrində baş verən müxtəlif münaqişələrə media vasitələrinin fərqli yanaşması bir daha özünü büruzə verir. Əgər başqa münaqişələr itirilmiş ərazilərin azad edilməsi, milli suverenliyin bərpa edilməsi kontekstində təqdim olunursa, bəzi media vasitələri Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və ya “xristian qardaşlığı“ kontekstində yanaşır.
Biz burada işğalçıya bəraət qazandırma cəhdlərini görürük. Münaqişənin təşəbbüskarı “qurban”, lakin münaqişənin qurbanı olmuş tərəf təcavüzkar kimi təqdim edilir.
Ermənistan mətbuatı Azərbaycanı ləkələmək və işğalı qanuniləşdirmək istiqamətində təbliğatla məşğuldur. Ermənistanın keçmiş və hazırkı prezidentləri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətlərinin rəhbərləri azərbaycanlılarla ermənilərin birgə yaşayışının qeyri-mümkünlüyü barədə beynəlxalq tribunalarda bəyanatlar verirlər. Onlar buna görə tənqid olunmur və ya pislənmir”.
“Azərbaycan demokratik, dünyəvi dövlətdir. Azərbaycan hökuməti vətəndaşlara bərabər hüquqları tanıyır”-deyən Əli Həsənov bildirib ki, Azərbaycanda islam, xristian, yəhudi dini icmaları fəaliyyət göstərir: “Onlara dövlət səviyyəsində diqqət göstərilir. Hökumət bu icmalar üçün məbədlər tikir. Beynəlxalq aləmdə nadir hal olsa da, bu, ölkəmizin reallığıdır”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan tolerant cəmiyyətdir və biz bunu təbliğ edirik: "Dünən Ermənistan mediası Azərbaycanda qəbul edilən Bakı Bəyannaməsini qəbul etməməyə çağırdı. Elə etmək lazımdır ki, BBC, CNN və Azərbaycandakı media orqanında çalışan jurnalistlər məsələlərə vahid prinsipdən, kodeksdən yanaşsınlar. Düşünürəm ki, bu tədbirdən sonra Azərbaycan jurrnalistikası Forumda təbliğ edilən ideyalardan istifadə edəcək. Azərbaycan bəşəri ideyaların, plüralist medianın yayılmasının tərəfdarıdır".
Ə.Həsənov qeyd edib ki, biz bu gün müstəqil jurnalistikadan danışsaq da, transmilli və digər media orqanları sahibkarlıq, sosial, mili maraqların daşıyıcılarıdır: "Postsovet məkanıındakı münaqişələrdə bu, özünü göstərir. Bu gün Suriyada baş verənlərə baxın. Qərb mediasında təqdimat belədir ki, Bəşər Əsəd xalqına qarşı qətliam aparır, ona qarşı mübarizə aparılır. Yaxud Ukraynada baş verənlərlə bağlı Ukrayna və müxtəlif ölkələrin jurnalistikası müxtəlif cür yanaşır. Nə qədər ki, vahid jurnalistika kodeksi beynəlxalq səviyyədə qəbul edilməyib, bu vəziyyət belə də qalacaq".
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


