Sarkisyan müharibəyə hazırlaşır? - Aktual

  28 Aprel 2016    Oxunub : 8488
Sarkisyan müharibəyə hazırlaşır? - Aktual
Dördgünlük müharibədən sonra Ermənistan tərəfi cəbhədə vəziyyəti yenidən gərginləşdirib. Baxmayaraq ki, aprelin 5-də Moskvada atəşkəs razılaşması əldə olunub, işğalçılar təxribatdan əl çəkmirlər.

Düşmən ölkənin istər hərbi, istərsə də siyasi sferada ziddiyyətli mövqe sərgiləməsi işğalçı ölkənin islah olmayacağı qənaətini gücləndirir.

Ermənistan prezidenti Serj Sarkisyan bir neçə gün öncə müsahibəsində ölkəsinin sülh danışıqlarından imtina etdiyini bəyan edib. Ötən gün Moskvada səfərdə olan müdafiə naziri Seyran Ohanyan isə Rusiya silahları ilə təchizatın sürətləndirilməsi üzərində iş aparıldığını bildirib. Ermənistan rəsmilərinin paralel olaraq danışıqlardan imtina etməsi və silahlanma niyyəti müharibəyə hazırlıq kimi şərh edilir.



Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanın atəşkəs barədə razılaşmadan sonrakı atdığı addımlar daxili auditoriyanın sakitləşməsinə hesablanıb: “Ermənistan dərin daxili siyasi böhran içərisindədir. Serj Sarkisyan hakimiyyətinin dayaqları xeyli sarsılıb. Müdafiə Nazirlyindəki son təmizlənmələr, indi isə hökumətin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər onu göstərir ki, Sarkisyan bir sıra addımları ilə ölkə ictimaiyyətini sakitləşdirməyə, hətta erməni mətbuatının yazdığı kimi baş verə biləcək hakimiyyət çevrilişinin qarşısını almağa çalışır. Bu baxımdan cəbhədə vəziyyətin gərginləşdirilməsi böyük əhəmiyyətə malikdir. Atəşkəs rejimini pozan ermənilər bunu Azərbaycanın üzərinə atmaqla guya yeni “hücum əməliyyatları hazırlayırıq” deyərək ölkə əhalisini uropatriotizm əhval-ruhiyyəsinə kökləməyə çalışır. Beləliklə ölkənin əsas problemlərindən diqqəti yayındırırlar. Sarkisyan Rusiyadan silah almaqla bölgədə vəziyyəti gərginləşdirir və ölkə daxilindəki antikonstitusion qüvvələri bir növ sakitləşdirməyə çalışır”.

Q.Hüseynli vurğulayıb ki, Ermənistanın Azərbaycanla müharibə aparmaq potensialı yoxdur: “Doğrudur, son günlər Rusiya Ermənistanı silahlandırmağa başlayıb. Amma, bu Ermənistana döyüş əməliyyatları aparmağa imkan vermir. Yəqin ki, hələ uzun müddət vəziyyət belə də qalacaq”.



Politoloq hesab edir ki, ermənilər cəbhədə vəziyyəti gərginləşdirməklə riskə gedir: “Azərbaycan ordusu mülki əhaliyə vurulan zərbələrə dözməyəcək və heç də uzaq olmayan günlərin birində əks həmlələrlə erməni silahlı qüvvələrini yenidən mat vəziyyətinə salacaq və torpaqlarımızı azad edəcək. Bu səbəbdən də Ermənistanın danışıqlarla bağlı mövqeyində dəyişikliklər olub. İndi onlar danışıqlara razı olmağa başlayıblar”.
Ermənistanın sülh danışıqlarına getməməklə bağlı mövqeyini şərt edən Q.Hüseynli vurğulayıb ki, bu hal Sarkisyan iqtidarının qorunub-saxlanılmasına xidmət edir: “Sarkisyan sülh danışıqlarına getsə, Ermənistan əhalisinin dərin nifrətini qazanacaq. Hətta Sarkisyan hakimiyyətini bilər. Ona görə də hələki danışıqlara getmir. Sarkisyan danışıqlara gedərsə və ən azı 5 rayonu geri qaytararsa, bu Ermənistanda partlayışa səbəb ola bilər. Digər tərəfədən belə bəyanatlarla dünya ictimai rəyində, eləcə də Rusiyanın özündə ciddi etimadsızlıq yaranır. Ölkə sözün həqiqi mənasında bir-birinə qarşı olan müxtəlif ziddiyətli baxışlardan ibarətdir. Bu isə hakimiyyətdə dərin boşluq yaradıb. Yəni, Sarkisyan hakimiyyətə nəzarət edə bilmir. Ona görə də fərqli bəyanatlar meydana gəlir”.



Politoloq Fikrət Sadıqovun fikrincə, Ermənistan cəbhədə gərginlik yaratmaqla cəmiyyətə sübut etmək istəyir ki, guya hələ gücü var: “Dördgünlük müharibədə məğlubiyyət Ermənistanda ciddi təşvişə səbəb olub. Ona görə də mitinqlər, piketlər, hakimiyyətə qarşı şüarlar səsləndirilir. Ermənilərin gücü ancaq mülki əhaliyə hücum etməyə çatır.

Ermənistan bir fərəfdən deyir ki, danışıqlardan imtina edib. Daha sonra xarici işlər naziri Edvard Nalbandyan Serj Sarkisyanı təkzib edir ki, danışıqları davam etdirməyə hazırdırlar. Bütün bunlar Ermənistanda böyük təşvişin yaşandığını sübut edir. Son hadisələrin səbəbləri də bununla bağlıdır”, - deyə F.Sadıqov bildirb.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: