`Ermənistan təxribatlara son qoymalıdır` - Fransalı deputat

`Ermənistan təxribatlara son qoymalıdır` - Fransalı deputat
  28 Aprel 2016    Oxunub:2488
“Son günlər cəbhə xətti boyu Ermənistan tərəfindən hərbi təxribatların həyata keçirilməsi və Azərbaycanın Tərtər, Ağdam, Füzuli və digər rayonlarında mülki əhalinin və mülki yaşayış yerlərinin, o cümlədən məktəblərin, hospitalların və digər komplekslərin hədəfə alınması qəbuledilməzdir”.
Azərbaycanın Fransadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, bu barədə Fransa Milli Assambleyasının deputatı, xarici işlər komissiyasının üzvü Jan Luk Reytzerin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, bu hərəkətlər qəti şəkildə beynəlxalq ictimaiyyət tərəfindən pislənilir və Ermənistan bu təxribatlara son qoymalıdır: “Azərbaycanın tarixi Dağlıq Qarabağ regionu və onun ətrafında 7 digər regionu 20 ildən artıqdır Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal edilib, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası və digər beynəlxalq təşkilatlar torpaqların bu işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələr qəbul edib. Lakin əfsuslar olsun ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir. Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi adları çəkilən qətnamələrin qəbulunda birbaşa iştirak edib və hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrinin sülh yolu ilə icra edilməsini təmin etmək üçün səylərini davam etdirir”.

Bəyanatda qeyd olunur ki, tarixi ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. “Azərbaycanın ərazi bütövlüyü gec-tez təmin ediləcək, məcbur köçkünlər doğma yurd-yuvalarına dönəcəklər. Mənim özüm Fransanın Alzas regionundanam və alzaslılar çox yaxşı bilirlər ki, qonşu ölkə tərəfindən qeyri-qanuni işğal və təcavüz nə deməkdir. Bu səbəbdən Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalmasını daha yaxşı anlayırlar. Fransa əhalisi hər zaman ədaləti dəstəkləyən bir xalq kimi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Son günlər ərzində Azərbaycanın Tərtər, Ağdam, Füzuli və digər rayonlarında mülki əhalinin və mülki obyektlərin Ermənistan tərəfindən hədəfə götürərək onları təcavüzə məruz qoymasını bir daha qəti olaraq pisləyirəm və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnamələrinin sülh yolu ilə icrasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə çağırıram”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti