Prezidentin tapşırıqları həyata keçiriləcək

Prezidentin tapşırıqları həyata keçiriləcək
  22 İyul 2013    Oxunub:1181
İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, sənayeləşmə siyasətinin davam etdirilməsi, Dövlət İnvestisiya Proqramının tam icra olunması, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi və xarici ölkələrə investisiya qoyuluşu, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, infrastruktur layihələrinin, kənd, qəsəbədaxili və qəsəbələrarası yolların, su və kanalizasiya layihələrinin tikintisinin davam etdirilməsi, müasir texnologiyaların tətbiqinin daha da genişləndirilməsi və digər sahələrdə konkret tapşırıqlar verdiyini vurğulayıb.

Ş.Mustafayev dövlət başçısı tərəfindən meliorasiya tədbirlərinin, iri fermer təsərrüfatlarının və sənaye parklarının yaradılması istiqamətində işlərin davam etdirilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, bu ilin sonunadək "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" üzrə işlərin tam başa çatdırılması və üçüncü regional dövlət proqramının hazırlanması və s. barədə müvafiq tapşırıqların verildiyini də diqqətə çatdırıb.

Nazir Prezidentin qarşıya qoyduğu mühüm vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib.

Geniş kollegiya iclasında konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, növbəti iclasda müvafiq sahələrdə işlərin gedişi barədə hesabatların dinlənilməsi qərara alınıb.

İclasda, həmçinin İqtisadi İnkişaf Nazirliyinin əlaqədar qurumlarının rəhbərlərinin Azərbaycan Respublikasının 2014-cü il və sonrakı 3 il üçün sosial-iqtisadi inkişaf konsepsiyasının və əsas makroiqtisadi proqnoz göstəricilərinin hazırlanmasına, Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyə əməl edilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair hesabatları dinlənilib.

Kollegiya iclasında cari məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.


Teqlər:





Xəbər lenti