`Nöqsanların olması danılmazdır` - Bəhram Xəlilov

`Nöqsanların olması danılmazdır` - Bəhram Xəlilov
  29 Aprel 2016    Oxunub:4382
“Keçmiş Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri olduğum müddətdə müsahibə mərhələsinin ölkədə ən zəif və subyektiv tərəf olduğunu gözəl bilirdim. Lakin müsahibənin keçirilməsini şübhə altına salmaq lazım deyil. Çünki bu, kadrlar seçimində mütləqdir".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliklər layihəsinin müzakirəsində iştirak edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

O, bildirib ki, müsahibələrin şəffaf və obyektiv keçirilməsi üçün lazımi bütün şəraiti yaradılmışdı: “İlk olaraq 2 nəfər dövlət orqanından və bir nəfər komissiyadan üzv olurdu. Bu zaman çoxlu problemlər yaşandı. Sonradan isə vətəndaş cəmiyyətlərinin üzvlərini bura cəlb etdik. Hətta müsahibələrin görüntülərini video şəkildə çəkib arxivləşdirdik. Hər kəsi dəvət edirdik ki, gəlib istənilən müsahibədə iştirak etsin. Ancaq heç bir mətbuat nümayəndəsi həmin anlara baxmaq üçün gəlmirdi”.

B.Xəlilov qeyd edib ki, minlərlə gənc Komissiyanın vasitəsi ilə dövlət qulluğuna qəbul olunub: “Fəaliyyətimiz dövründə dövlət orqanlarının namizədlərlə bağlı qoyduğu staj tələbini ləvğ etdirmişdik. Müsahibənin tam şəffaf olması çətin məsələdir və bunun üzərində daim çalışmışıq. Dövlət qulluğunda işəqəbul tək biliklərlə yox, digər meyarlarla həyata keçirilir. Hansısa nöqsanların olması danılmazdır. Lakin hər şey sənədin, faktın əsasında deyilməlidir. 200-ə yaxın vətəndaş cəmiyyətinin üzvünü şəffaflıq yaratmaq üçün işə cəlb etmişdik. Onlar özləri qərar verirdi ki, həmin şəxslər dövlət qulluğuna yarayır, ya yox”.

B.Xəlilov vurğulayıb ki, yeni yaradılan Mərkəzin nizamnaməsində də qeyd olunduğu kimi, dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqədə iki mərhələ - test və müsahibə nəzərdə tutulur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti