Vilayət Eyvazov hesabat verdi

Vilayət Eyvazov hesabat verdi
  29 Aprel 2016    Oxunub:3377
Milli Məclisin bugünkü iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru 2015-ci il üzrə illik hesabat verib.
Hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təqdim edir.

Onun təqdim etdiyi hesabatda il ərzində insan alveri və buna qarşı mübarizə ilə bağlı statistika əks olunub. Nazirin birinci müavini bildirib ki, "Qaynar xətt" telefon xidmətinə daxil olan 13000-dən çox müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilən tədbirlər görülüb.

V.Eyvazovun sözlərinə görə, Azərbaycanda əvvəlki illərlə müqayisədə insan alveri və məcburi əmək halları 22 faiz artıb:

"Həyata keçirilən tədbirlərlə 2014-cü illə müqayisədə hesabat ilində 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa elan olunmuş 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib.

Müəyyənləşən 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı). Qurbanlardan 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib və təhlükəsizliyi təmin olunub.

Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilib, 42-nə Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 22-i işlə təmin edilib, 31-i peşə kursuna göndərilib. Həyata keçirilən profilaktik tədbirlərlə 31 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. 56 qurbana hüquqi və psixoloji yardım, həmçinin 16 qurbana tibbi xidmət göstərilib, 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunub. Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11 uşağa doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilib, 7-i müvəqqəti sığınacağa yerləşdirilib. Bütün bunlara 165 min manat vəsait ayrılıb və təyinatı üzrə istifadə olunub”.

V. Eyvazov əlavə edib ki, Azərbaycanda ötən il ərzində 450 azyaşlının küçə həyatına məruz qalması, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilməsi faktı aşkarlanıb:

"Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb". Milli koordinatorun çıxışından sonra deputatlar sənədi müzakirə edir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti