`Azərbaycanı müdafiə edən politoloqları efirə qoymurlar`-Fuad Abbasov

`Azərbaycanı müdafiə edən politoloqları efirə qoymurlar`-Fuad Abbasov
  29 Aprel 2016    Oxunub:5272
“Rusiya televiziyalarında mühüm postları tutan ermənilər Dağlıq Qarabağ müharibəsi başlayanda Azərbaycana qarşı təbliğat aparıblar”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin "İhlas" informasiya agentliyinin Moskva bürosunun keçmiş əməkdaşı Fuad Abbasov Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiyanın dövlət televiziyasında çalışan aparıcılar da zaman-zaman ermənipərəst mövqedən çıxış ediblər.

F.Abbasov Azərbaycanın mövqeyini müdafiə etməməklə bağlı Rusiya televiziyasından dəfələrlə xəbərdarlıq aldığını deyib:

“Aprel ayının ilk günlərində təmas xəttində gərginlik başlayanda məni Rusiya televiziyalarına çağırmağa başladılar. Mənə xəbərdarlıq etdilər ki, çıxışımda Azərbaycanın mövqeyini müdafiə etməyim. Onu bununla əsaslandırdılar ki, guya mən, Azərbaycanı yox, Türkiyəni təmsil edən jurnalist kimi ora çağırılmışam.

Mən Rusiya kanallarının Azərbaycanın mövqeyini qəsdən boykot etdiyi barədə dəqiq bir fikir deyə bilmərəm. Ancaq əminəm ki, orada olan erməni lobbisi azərbaycanlıların Rusiya televiziyasında təmsil olunmasına mane olur.



Bundan başqa Azərbaycanın tərəfində olan Rusiya politoloqları da qəsdən efirlərə buraxılmır. Məsələn, rus əsilli mütəxəssis Oleq Kuznitçsov Azərbaycanın mövqeyini müdafiə etdiyi üçün, həqiqəti dediyi üçün efirə buraxılmır”.

Jurnalist həmçinin Rusiyada fəaliyyət göstərən Azərbaycan Diaspora Komitələrinin fəaliyyətini də tənqid edib: “Belə bir şərtlər altında Azərbaycanın Rusiya mediasında təbliğ olunmamasının ilk səbəbini mən diaspora fəaliyyətinin zəif olmasında görürəm. Burada bir çox birliklər olsa da, öz fəaliyyətlərini təkbaşına göstərirlər. Yəni, əlaqəli fəaliyyət göstərmirlər. Bu birliklər arasında bəzən intriqa o həddə çatır ki, adam utanır. Bura AZƏRROS, Rusiya Azərbaycanlıları Konqresi və başqaları daxildir. Bu birliklər çox dağınıqdır və bunun nəticəsində biz aprelin əvvəllərində cəbhədəki vəziyyətlə bağlı Azərbaycanın mövqeyinin Rusiyada düzgün tanıdılmamasının şahidi olduq”.



“İhlas” agentliyində işdən kənarlaşdırılmasının səbəbləri barədə danışan F. Abbasov bildirib ki, erməni lobbisi onun Azərbaycanın mövqeyini müdafiə etməyimdən əsəbləşərək, agentliyin direktorundan mənim işdən kənarlaşdırılmağını xahiş ediblər:

“Mənim işdən kənarlaşdırılmağımın heç bir şəkildə rusların şikayəti səbəbindən olduğunu düşünmürəm. Rusiya tərəfindən heç bir təzyiq görmədim. Türkiyə mənə doğma olsa da, mən işdən kənarlaşdırıldığım üçün bir daha ora qayıtmaq istəmirəm. İşdən kənarlaşdırılmağım mənə doğurdan da çox böyük zərbə oldu”.

Şəhanə Rəhimova
AzVision.az


Teqlər:  





Xəbər lenti