`Xörək bişirmə verilişlərindən daha çox...` - Siyavuş Novruzov

`Xörək bişirmə verilişlərindən daha çox...`  - Siyavuş Novruzov
  29 Aprel 2016    Oxunub:3147
"Dünyada baş verən hadisələr istər-istəməz insan alveri sahəsində Azərbayacana da təsir edir. Təklif edərdim ki, Milli kordinatorun bu sahədə apardığı işlərdə iştirak edən insanların sayı artırılsın".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, gündəlik olaraq uşaqların məcburi əməyə cəlb olunması halları ilə qarşılaşırıq: "Təbii ki, hüquq-mühafizə orqanlarının əməkdaşları problemin qarşısını almaq üçün ciddi şəkildə mübarizə aparır. Ancaq reallıq budur ki, hansı sahədə gəlir varsa, orada mütləq mövcud problemlər ortaya çıxır. Bundan başqa, uşaqların reabilitasiyaya cəlb olunması ilə bağlı müvafiq qurumlar da öz güclərini birləşdirməlidir".

S.Novruzov vurğulayıb ki, mətbuatda təbliğat işi olduqca zəif aparılır:"Mətbuatda bu sahənin problemlərindən bəhs edən yazılar çox az işıqlanır. Həmçinin, televiziyalarda sosial çarxların sayının artırılmasına ehtiyac var. Televiziyalarda xörək bişirmə verilişlərindən daha çox bu cür məlumatların yayımlanmasına üstünlük verilməlidir".

Həmçinin Komitə sədri bildirib ki, vaxtilə mətbuatda bir sıra xarici ölkələrdə Ermənistana əsir düşmüş azərbaycanlıların daxili orqanlarını satılması ilə bağlı məlumatlar dərc olunmuşdu:

“Təklif edərdim ki, həmin şəxslərin siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər beynəlxalq təşkilatlara göndərilsin. Düzdür, Azərbaycanda bu işlə məşğul olan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Ancaq yenə də hesab edirəm ki, itkin düşənlərin əksəriyyəti insan alverinin qurbanlarına çevriliblər".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti