Əfv Komissiyası: May ayında əfv gözlənilmir

Əfv Komissiyası: May ayında əfv gözlənilmir
  30 Aprel 2016    Oxunub:3267
Azərbaycanda may ayında növbəti əfv sərəncamının veriləcəyi ilə bağlı xəbərlər dolaşır.
AzVision.az sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatla bağlı Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvlərindən münasibət öyrənib.

Komissiyanın üzvü, deputat Elmira Axundovanın fikrincə, böyük ehtimalla may ayında əfv sərəncamı olmayacaq: “Hələlik Əfv Komissiyasının iclasları keçilirlməyib. Buna baxmayaraq, əfv sərəncamının verilməsi birbaşa prezident İlham Əliyevin müstəsna səlahiyyətinə aid olan məsələdir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da may ayında əfvin gözlənilmədiyini deyib: “Biz tədbirlər keçiririk, siyahılarımızı yeniləyirik. Gözləyək, görək nə olacaq. Amma, hələlik əfv sərəncamının veriləcəyini gözləmirik”.

Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı bu ilin mart ayında verilib. Prezidentin imzaladığı sərəncam 148 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər. Həbsdən azad edilənlər arasında tanınmış insanlar da var.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  





Xəbər lenti