Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətləri daha da inkişaf etdirməsinə böyük önəm verdiyini qeyd edən nazir ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə minnətdarlığını bildirib.
Daha sonra mövcud kriminogen durum, Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib.

Problemlərə toxunan R. Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Nazir Türkiyə Jandarm Qüvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Qalip Mendi Azərbaycana ilk dəfə səfər etdiyini nəzərə çatdırıb. Jandarm Qüvvələrinin Baş Komandanı iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, Türkiyənin hər zaman Azərbaycanın yanında yer alacağını, ordusunun, Daxili Qoşunlarının güclənməsindən qürur duyduqlarını, onların inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın mənafelərinə xidmət etdiyini vurğulayıb.
Qəbulda Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun iştirak edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


