`Hədəflər böyükdür` - Vüsal Hüseynov

`Hədəflər böyükdür` - Vüsal Hüseynov
  04 May 2016    Oxunub:5643
“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirilən iqtisadi islahatların, proqramların icra vəziyyətinin təhlili, monitorinqi və qiymətləndirilməsini həyata keçirəcəkdir”.

AzVision.az xəbər verir ki, bunu Mərkəzin Müşahidə Şurasının üzv, Milli Məclisinin deputatı Vüsal Hüseynov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Mərkəz iqtisadi islahatların mahiyyətinin hərtərəfli izah edilməsini təmin edəcək, gətirdiyi yenilikləri cəmiyyətə tam, dolğun və müasir məlumatlandırma metodları ilə çatdıracaq, iqtisadi fəaliyyətin iştirakçılarını, sahibkarları və vətəndaşları bu sahədə daha məlumatlı edəcəkdir:

“Həmçinin mərkəz təhlil və tədqiqatlar aparacaq, beynəlxalq təcrübəni öyrənəcək, xarici tərəfdaşlarla sıx əməkdaşlıq əlaqələri qurmaqla iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlayacaqdır. Ölkəmizin iqtisadi potensialı və imkanları barədə daxildə və xaricdə məlumatlandırmanı təşkil edəcək, investisiyaların təşviqi və iqtisadi aktivliyin artmasına töhfə verəcəkdir.

Vətəndaş cəmiyyəti institutları, xüsusilə media ilə sıx əlaqədə işləyəcək, onların öz fəaliyyətində iştirakını təmin edəcək və öz fəaliyyəti ilə vətəndaşlar üçün yaxşı iqtisadi məsləhətçi rolunda çıxış edəcəkdir.

Fəaliyyət sahəsi genişdir, hədəflər böyükdür, iqtisadi sahədə çağırışlar isə dayanmadan yenilənir. Qısa zaman ərzində Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumatlar ictimaiyyətə təqdim ediləcəkdir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti