Xalq Artisti səhnə ilə vidalaşır

Xalq Artisti səhnə ilə vidalaşır
  05 May 2016    Oxunub:2156
Mayın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq Artisti, “Qızıl dərviş” və “Zirvə” mükafatları laureatı Kamilla Hüseynova N.Rimski Korsakovun “Şəhrizad” baletinin tamaşasında sonuncu dəfə səhnəyə çıxacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, sənətkar səhnə əsərində Zibeydə obrazını canlandıracaq.

K.Hüseynovanın çıxışları bir sıra xarici ölkələrin - Rusiya, Türkiyə, Fransa, Belarus və Çexiyanın milli teatr səhnələrində çoxsaylı tamaşaçı rəğbəti qazanıb. Aktrisa 20 ildən artıq bir dövrdə repertuarda olan bütün milli və klassik tamaşalarda əsas partiyaları yüksək ustalıqla ifa edərək tamaşaçıların yaddaşında dərin iz qoya bilib. Onun yüksək peşəkarlıq, artistizm, ehtiras və məhəbbətlə yaratdığı Şəhrizad (“Min bir gecə”), Gözəllər gözəli (“Yeddi gözəl”), Tomris (“Rast”), Baycan (“Eşq və Ölüm”), Zibeydə (“Şəhrizad”), Gülyanaq (“Qız qalası”), Leyli (“Leyli və Məcnun” – Q.Qarayev) və onlarla digər obrazı iki onillik ərzində sənətkarı öz sənətində parladıb.

Hazırda K.Hüseynova teatrın balet truppasının, eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışır və bütün fəaliyyətini Azərbaycan milli baletinin formalaşması və inkişafına yönəldib.

AzVision.az


Teqlər:





Xəbər lenti