Dəfn etdiyim balaca mən

Dəfn etdiyim balaca mən
  23 İyul 2013    Oxunub:4945
Günay Yelmarqızı

Əsla yuxularımı xatırlamıram. Amma illər əvvəl gördüyüm bir yuxu var ki, ən xırda epizoduna qədər yadımdadır və əsla unutmaram.
Təxminən 22 il əvvəl çox dəhşətli bir yuxu görmüşdüm: Ailə üzvlərimlə evimizdə oturmuşduq. Qəfil, bir göz qırpımında göy üzünü nəhəng qara bulud aldı, hər tərəf zülmətə çevrildi. Elə bu məqamda evimizə müharibə (Böyük Vətən Müharibəsi) filmlərində gördüyüm dəmir papaqlı, əli avtomatlı, vahiməli alman əsgərləri daxil oldular, bütün doğmalarımı amansızcasına güllələdilər. Mənə də atəş açdılar. Nə oldu, nə olmadı anlamadım.

Sonra gördüm ki, qara bulud necə sürətlə göy üzünü bürümüşdüsə, eləcə də yoxa çıxdı. Səma aydınlaşdı və mavi göy üzündə ağappaq, göz oxşayan bulud göründü. Üzünü indiyə qədər xatırladığım, ağ saqqallı, nurani bir baba: “ALLAH sənə şükür, təhlükə sovuşdu” – dedi. Gözumu açıb pəncərədən boylanan günəşi gördüm, quşların huzurverici səsinin fonunda otaqdakı səssizliyi hiss edəndə anladım ki, sadəcə qorxunc bir yuxu görmüşəm. Elə xoşbəxt idim ki. Axı müharibə hara, mən hara. Bu sözə mən yalnız filmlərdə və dərsliklərdə rast gəlmişdim. Müharibə haqqında təsəvvürüm filmlərdə gördüyüm döyüş səhnələri ilə məhdudlaşırdı. Və mən əsla real həyatda onun nə olduğunu bilməyəcəkdim...

...Kəndimizin ağbirçəkləri bir yerə yığışıb 20 yanvar şəhidlərinə yas tutanda müharibənin qapımızın kandarında olduğunu dərk etməmişdim. Xocalıdan didərgin düşən insanlara yardım kampaniyasına qoşulanda, evimizdən ərzaq, isti geyimlə yanaşı, sevimli oyuncaqlarımdan birini tanımadığım həmyaşıdlarıma göndərəndə də. Xəbərlərdə cəbhə xəttindəki döyüşlər barədə məlumatları izləyəndə, böyüklərdən reportajlarını izlədiyim, jurnalist Çingiz Mustafayevin qonşu Naxçıvanik kəndində erməni gülləsinə qurban getdiyini eşidəndə də müharibə anlayışı mənə çox uzaq idi..

...Sonra ara-sıra atışma səsləri eşitdim. Bir gün ata babamın mülkündə, birinci mərtəbədəki aynabənddə bacılarım, balaca qardaşım və bibim qızları ilə şirin-şirin söhbət edəndə müharibə ilə qarşılaşmamızın an məsləsi olduğunu ağlımın ucundan belə keçirməzdim. Şən gülüşümüzü dərk etmədiyimiz səbəbdən, qəfl parçalanıb üstümüzə tökülən şüşələrin cingiltisi dondurdu. Hamımız şokdaydıq və qulaqlarımız batmışdı elə bil. Valideynlərimizin “qorxmayın” sözünü xatırlayıram. Sonra düz pəncərənin qarşısındakı nəhəng ağacın tən ortadan bölündüyünü gördük. “QRAD” mərmisi ağacı ikiyə bölüb torpağa sancılmışdı. Xoşbəxtlikdən partlamamışdı. Bu, mənim müharibə ilə şəxsən tanışlığım idi...

...Özümə aid olan bir əşyaya belə əl vurmadan, həyatda hər kəsdən və hər şeydən çox sevdiyim atamın təzə aldığı və bir dəfə də olsun geyinmədiyi kostyumunu evimizdən götürüb çıxdığımı xatırlayıram (Evimiz babamgilin qonşuluğunda idi). Bu, mənim indi hər küncünü detallarına qədər xatırladığım və yəqin ki, daşı-daş üstündə qalmayan evimizdən son çıxışım idi. Arada ailəmizin sonbeşiyi olan qardaşımı qucağıma aldığım yadıma gəlir. Bir də başımızın üstündən vıyıltı ilə keçən “QRAD” mərmiləri (Sonradan eşitdik ki, bizim üzərimizdən kecən mərmilərdən biri kəndimizi ikiyə ayıran Xatın çayının o biri tərəfində yaşayan sinif yoldaşım Aidənin atasının üzərinə düşüb). Bir də atamın arada bizə dediyi “yerə uzanın” sözlərini xatırlayıram. Mən artıq real həyatda müharibənin nə olduğunu bilirdim...

...Sonradan getdiyim hər yerdə üzərimə qəribə nəzərlər sancılanda, indiyədək ağırlığını hiss etdiyim “qacqın” damğası altında əziləndə, məcburi köçkün olmanın gətirdiyi çətinliklər, mənəvi ağrılarıa üz-üzə qalanda müharibənin nə demək olduğunu dərk etdim...Dərk etdim ki, mən müharibə uşağıyam...Niyə mən?.. Niyə mən doğulduğum torpağı, yaşadığım evi, sahib olduğum hər şeyi itirməliydim?...
Cavab sadədir: - İnsan mənsub olduğu dini, dili, ölkəni, ailəni seçmək iqtidarında deyil. Bu, mənim taleyimdir. Və mən tək deyiləm...

...Və uşaqlığını itirən yeganə insan da mən deyiləm. Siz heç uşaqlığınızı dəfn etdinizmi? Mən balaca məni düz 20 il əvvəl, “Qrad” mərmilərinin yağışı altında Ağdamda dəfn etmişəm. Lütfən, biri onu mənə gətirsin. Böyümək istəyirəm artıq...


Teqlər:  





Xəbər lenti