GERÇƏK TARİX: `Atam-anam, vurun öldürün` - Bakı milyonçusunun ermənilərə cavabı

GERÇƏK TARİX: `Atam-anam, vurun öldürün` - Bakı milyonçusunun ermənilərə cavabı
  05 May 2016    Oxunub:73660
`Dağ pişiyi` ləqəbli qoçu ermənilərin qəniminə necə çevrilmişdi...
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün


Dosye:
Musa Əhməd oğlu Ələsgərov
– 1888-ci ildə Bərmək (Quba xanlığı) mahalının Xızı kəndində anadan olub.
Ləqəbi (ayaması) - "Dağ pişiyi"
1900-cü ildə Bakıya köçüblər. 1918-ci ildə türk ordusu Bakıya gələndə (sentyabr) Nuru Paşa "Dağ pişiyi"nə ermənilərə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə yüzbaşı (leytenant) çini verilməsi haqqında fərman imzalayıb.
1920-ci ilin əvvəlində Nuru Paşanın dəvətilə Türkiyəyə gələrək, Ənvər Paşaya təqdim edilib. Burada onun şərəfinə düzənlənən ziyafətdə Ənvər Paşanın sərəncamı ilə minbaşı (polkovnik) elan olunub.
1934-cü ildə Türkiyədən vətənə qayıdıb və az sonra Sumbat Topurudze tərəfindən həbs olunub. 1938-ci ildə cəzasını tam çəkdikdən sonra azadlığa buraxılıb.
Əmisi Məşədi Məlikin qızı Minaxanımla ailə qurmuşdu. Övladları olmayıb.
1956-cı ildə Bakıda vəfat edib.

Ermənilərin qənimi

Ötən əsrin əvvəllərində qoçu kimi ad-san qazanmış “Dağlı Musa”nın Musa Nağıyevin mühafizə dəstəsində və Bakının tanınmış şəxsiyyətləri arasında xüsusi yeri olub. “Dağ pişiyi” haqqında danışarkən həm qoçuluğundan, həm də var-dövlətindən söz açmaq lazımdır. Dağlı balası kasıb ailədə dünyaya gəldiyindən imkansızların acınacaqlı vəziyyətinə sakit baxa bilmirdi. “Axı niyə bizlər, türklər dura-dura ermənilər, ruslar, yadellilər torpağımızda ağalıq etsin, özümüzü qul təki işlədib var-yoxumuzu soyub aparsınlar", – deyərdi.

Hələ yeniyetməliyindən Bakı qoçuları arasında ad çıxaran Musanın sözü qarşısında kimsə söz qoya bilməzdi. Onunla hətta Musa Nağıyev, Murtuza Muxtarov, İsa bəy Hacınski hesablaşır, məsləhətlərini dinləməkdən utanmırdılar. “Dağ pişiyi”nin ətrafında qardaşı Qurbanqulu, Əmizdərli Qoçu Baloğlan, İçərişəhərli Ələkbər, Pirşağılı Bədəl, Hilal Na-ğıyev, Dağlı Abbas, Malbaş Yusif, Arıq Sabir kimi say-seçmə igidlərdən ibarət bir dəstə toplanmışdı.

Səxavətli, əliaçıq, rəhmli bir adam kimi tanınan Musa eyni zamanda düşmənlərinə, erməni neftxudalarına, xüsusən də qoçularına qarşı son dərəcə amansız, barışmaz olub. Dağlı balasının bu xasiyyətinə dövrünün bütün adlı-sanlı, vurub-tutan adamlarının hamısı yaxşı bələd olduğundan, dedi-yindən dönməyən, ölümün gözünə də şax baxmağı bacaran qoçuyla mü-nasibətdə erməni neftxuda və qoçuları həmişə ehtiyatlı olmağa çalışardılar.

...1905-ci ilin axırlarında ermənilərlə münaqişə zamanı artıq bığ yeri tərləmiş Musa şəhərdə tanınmış qoçularla birlikdə gəzib-dolaşır, bir bəhanə axtarırdı ki, Tumanyanın dəstəsindən olan erməni bədəfkarlarla üzbəüz gəlsin...

Belə bir bəhanə dekabrın əvvəllərində ələ düşür. Parapet bağı qarşısındakı şərab dükanından çıxan bir dəstə erməni qarşı səkidən keçən iki müsəlmanı yaralayıb, ikisini də öldürərək qaçırlar. Həmin dəqiqə Quba meydanında xəbər yayılır ki, bəs bu dəstə üzvlərindən üçü qaçaraq milyoner Tumanyanın malikənəsinə girdilər. Xəbəri eşidən dükançılar təşviş içində mağazalarını bağlayıb qaçmağa çalışırdılar. Qubernator bağı qarşısındakı imarəti nəzarətə götürən Musa qardaşı Qurbanqulunu orada qoyub Dağlı Abbas, Qaçaq Əliabbas, Hacıoğlu Qəmbər, Sarı Ağadadaş, Ağaoğlu Qəmbər və Əlibala Quliyevlə erməni kəndi tərəfə yollanırlar.

Qəzetlər səhəri gün yazırdılar: "Ermənilər damlardan, balkonlardan və Parapetdəki kəlisanın həyətindən müsəlmanlara tərəf tüfəng atmağa başladılar. Atışma 30 dəqiqəyədək çəkdi. Bu vəqt müsəlman qoçular ermənilərin bir neçə dükanına od vurdular. Bir neçə saatdan sonra cəmi erməni dükanları odlanmış, beş adam yanıb tələf olmuşdu.

İstintaq vəqtində təsdiq olundu ki, dekabrın 3-dəki iğtişaş zamanı 6 nəfər müsəlman, 32 nəfər erməni qətl olundu, 18 nəfər müsəlman, 41 nəfər erməni yaralanıbdır və 14 dükan yanıbdır.

Təqsirnaməni yazmaqda məqsədimiz, fəqət iğtişaş vəqtində bəzi yalançı xainlər tərəfindən yayılan fəsadəngiz iftira və böhtanları aşkar edib, həqiqəti meydana qoymaqdır. Həmin illərdə Bakıda nəşr olunan qəzetlər hər gün kriminal olaylardan yazırdı...

Çox vaxt məqalalələri Quba meydanındakı cızbızxanada Dağlı Abbasın gimnaziyada oxuyan bibisi oğlu “İnteligent Söhrab” təmiz diksiya ilə oxuyardı.

Qarətə sui-qəsd:
“Dünən saət 12-də Parapetin qabağında brilyant-qızıl əşya satan Ağamalının (Dağlı Musanın qohumudur) mağazasına 3 nəfər müsəlləh naməlum şəxslər gəlib pul tələb etdikdə, mağaza sahibi tapança ilə qarətçilərin birini həmin mağazanın içində güllə ilə öldürdükdə, o birilər qaçmışlar. Qaradovoyların azarxanaya apardıqları meyitin ermənikənddə yaşayan Aşot Baqdasaryan olduğu müəyyənləşib”...



... Qaradovoylar ilə atışma

Taqanroq şəhərinin sakini Volçenko bir neçə nəfər naməlum qarətçilər tərəfindən qarət olunduqda onun qışqırığına postdakı qaradovoylar gəlib qarətçiləri təqib etdikdə bunlar ilə atışma başlamışdır.
Bir qədər atışmadan sonra qarətçilərin biri yaralanıb həbs olunmuşdur. Bu qarətçi erməni əsilli Minasyans Valeradır.

Balaxanıda qarət

Srağagün axşam saət 10-da Bakı dövlətlisi Purtinov əmələlərə məvacib paylamaq üçün 7 yüz manat pul apardıqda "Masis" promıslasının qarşı-sından bir neçə nəfər müsəlləh bədəfkarlar hədə ilə faytonu saxlayıb pul-ları tələb etmişlər. Bu vəqt Purtinov heç məmaniyyət etməyib pulları təs-lim verib. Qarətçilər səlamət qaça bilməyiblər. Dağlı Musanın dəstəsilə atışmada qarətçilərdən ikisi yaralanaraq ələ keçib. Hər ikisi erməni millətindən olub ermənikənd sakinləridir.

Yanvarın 12-ci gecəsi Sığırlı mövqifinin yaxınlığında quldurlar tərəfin-dən Göyçay uyezdinin naçalnik müavini Paxomenkoya hücum olunub. Müavin faytonda kənd mirzəsi Cəfərov ilə mühafizəsiz gəlirmiş. Qaçaqlar ilə olan atışma əsnasında Cəfərov qətl olunub. Müavin Paxomenko ya-xında olan stracnik postuna çatıb, oradan düzəltdigi dəstələr ilə qaçaqları təqib edib. Müavin bir neçə adam dutub, onlardan üç ermənini faytonçu qaçaq deyərək tanıyıb.

Qukasova İsa bəy Hacınskinin məktubu

Bakının ən varlı adamlarından biri də İsa bəy Hacınski olub. Hadisə 1905-ci illərin əvvəllərində baş verib. Erməni-müsəlman davasının qızışmağa başladığı dövrdə məşhur Bakı milyonçularından biri erməni Qukasovun göstərişi ilə milliyətcə azərbaycanlı olan altı milyonçu girov götürülərək? indiki Opera teatrının binasındakı zirzəmiyə salınır.

Qeyd etmək lazımdır ki, Bakı milyonçuları arasında milliyyətcə ermənilər kifayət qədər çox olub. Bu, danılmaz faktdır. Yuxarıda adı çəkilən milyonçu isə Qukasov qardaşları kimi məşhur olan külli miqdarda kapital sahiblərindən böyüyüdür. Əslində bu qardaşların məşhurlaşması elə həmin Qukasovun adı ilə bağlıydı. Onlar əsasən neftlə məşğul olurdular. Bakı-Batum neft kəməri onların nəzarətindəydi. Belə ki, yaradılmış "Neft Cəmiyyəti"nin rəhbəri məhz Qukasov idi. Ermənilər həm də balıqçılıqla da məşğul olurdular ki, bu sahə o dövr çox gəlirli məşğuliyyət sayılırdı.

Qukasovun göstərişi ilə Opera və Balet teatrının binasına salınan milyon-çular arasında Musa Nağıyev, Mövsüm Səlimov və başqaları da vardı. Mövsüm Səlimov Binəqədi mədənlərinin bir necəsinin sahibi idi.

Bu xəbər şəhərdə möhkəm səs-küyə səbəb olur. Nağıyevin faytonçusu Musa xəbəri neftxudanın dostu İsa bəy Hacınskiyə çatdırır. Bu böyük bir biabırçılıq idi. Erməni Bakıda şəhərin sayılıb-seçilən adamlarını girov götürmüşdü. İsa bəy Hacınski bərk qəzəblənir və Qukasova bir məktub yazır. Məktubun mətni belə idi:

"Qukasov, sizin bu hərəkətinizi heç cür anlaya bilmirəm. Bu artıq heç bir əndazəyə sığmayan əməldir. Bakının havasını udursunuz, çörəyini yeyirsiniz, suyundan içirsiniz. Heç utanmır-sınızmı, indi üstündə yaşayıb milyonlara sahib olduğunuz bir torpağın yiyələrinə qarşı belə alçaqlıq törədirsiniz? Sizi xəbərdar edirəm. Əgər bu məktubu aldığınız vaxtdan etibarən bir saat ərzində o adamların hamısı azadlığa buraxılmasa, torpağınızı torba ilə daşıtdıracam. Bircə saat vaxtınız var!"

Məktubu Nağıyevin mühafizəçisi və faytoçusu Dağlı Musa bir dəstə qoçu ilə birlikdə Qukasova çatdırandan heç bir saat keçməmiş milyonçuların altısı da azadlığa buraxılır. Erməni nə qədər özünə arxayın olsa da, hər halda İsa bəy Hacınskinin, Dağlı Musanın gücünə bələd idi. Bilirdi ki, onların sözündən çıxmağı çox baha başa gələ bilər.

Milyonçuların girovdan azad edilməsi xəbəri bütün şəhərə yayılır. Musa İsa bəy Hacınskiyə Nağıyevi evlərinə çatdırdığı barədə məlumat verir. Artıq hər şeyin başa çatdığını, erməninin İsa bəyin hədəsindən çəkinərək dediyinə əməl etdiyini görsə də, “Dağ pişiyi” bu hadisənin bütün azərbaycanlıların adına böyük bir təhqir, rüsvayçılıq olduğunu deyirdi.

Erməni qoçular Xaçatur və Babken qoçu Levonun başçılığı ilə Ağa Musa Nağıyevi bir həftə öz bağ evində saxlayır... Yedirdib-içidir, nərd, kart oynayırlar və on min manat pul istəyirlər. Ağa Musa Nağıyev deyir ki, mincə manat verə bilərəm, bir qəpik də artıq yoxumdur.

Nağıyev özü bu hadisəni belə əxz edib: "Nərd oynayıb qurtardıqdan sonra paxlalı plov yedik, ləvəngi gəldi, onu da nuş elədük. Əllərimizi yuyub çay içəndə qoçuların başçısı piştosunu çıxarıb on min manat tələb elədi. Dedim, mincə manat verərəm. Başladılar məni ölümlə təhdid etməgə ki, güllə ilə dolduraruq qarnuvu, bu saət on min verginən... Dedim ki, atam-anam, vurun öldürün. Onda heç min də ala bilməzsiniz, o da əlinizdən çıxar...”

Qəzetlər isə bu barədə belə yazırdılar: “Dekabrın 29-da gecə yarısına yaxın Musa Nağıyev cənabları məhəl hökuməti və qoçuların səyi və guşişi ilə onu aparan şəxslər tərəfindən buraxılıbdır. Təqib olunub, əhatəyə alınan bədəfkarlar Dağlı Musanın da burada olmasından ehtiyatlanaraq, özləri Musa Nağıyevi pul almamış sağ və salamət buraxıblar.

Musa Nağıyev cənablarının səlamət, pulsuz və qan tökülmədən qayıtmasının səbəbi məhəl hökumətinin və camaətin bu işdə göstərdikləri ciddiyyətli fəaliyyət işidir ki, bu dəfə gözəl nəticəyə bais oldu”.

Əslində isə məhəl hökumətinin bu işdə bir damcı da olsa, fəaliyyəti olmamışdı... Erməni qoçuların naqisliyini bilən Dağlı Abbas və Dağlı Musa Binəqədili milyoner Səlimovgildəki qumar məclisində Aramyandan öy-rənmişdi və söz vermişdi ki, Nağıyev qaytarılarsa, əvəzində iki girov əsir də bunlar tərəfindən azadlığa buraxılacaq... Qoçu Levon iki əlaltısının buraxılması naminə doqquz mindən keçmişdi. Yoxsa onun necə qaniçən olduğunu hamı yaxşı bilirdi.

Dağlı Abbas həqiqəti Əlibala Quliyevə çatdıranda müsəlman qoçuları məşvərət yığıncağı yaparaq Dağlı Musanın elçi kimi erməni Levonun yanına göndərilməsini qət edirlər.

...Dağlı Musa ermənilərlə danışığa göndərilir. Levonun iki əlaltısı da əvvəldən onunla faytona oturdulur. Əslində danışıqda Ağa Musa Nağıyevdən pul tələbi aradan götürülsə də, Levon milyonerin üstündəki min manatı almamış onu buraxmır.

Ardı BURADA


Teqlər:  





Xəbər lenti