Milli Şuranın gizli qrupu ifşa oldu - Yeni qalmaqal (FOTOFAKT)

Milli Şuranın gizli qrupu ifşa oldu - Yeni qalmaqal (FOTOFAKT)
  06 May 2016    Oxunub:22087
Milli Şuranın Koordinasiya Mərkəzinin son iclasında yazıçı-publisist Mehriban Vəzir qurumdan xaric edilib. Buna səbəb kimi onun Milli Şuranın prinsiplərinə zidd hərəkətlərə yol verməsi göstərilib.

Mehriban Vəzir AzVision.az-a açıqlamasında haqqında səslənən ittihamların əsassız olduğunu deyib.

O, Milli Şuradan çıxarılmasının gerçək səbəbini belə izad edib: “Milli Şuranın heç bir prinsipinə zidd hərəkət etməmişəm. Oradan uzaqlaşdırılmağımın səbəbləri bəllidir. Aprelin 30-da Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının ümumi yığıncağı oldu, orada qurumun Koalisiyalar Şurasına seçki keçirildi. Nəticə demokratik idi. Heç bir qanun pozuntusu yox idi. Ertəsi gün elektron poçtuma Oqtay Gülalıyevdən bir məktub gəldi. Bu məktubda O.Gülalıyev Milli Şuraya raport verirdi ki, “biz hakimiyyətin bütün planlarını darmadağın etdik, koalisyanın QHT-yə çevrilməsinə yol vermədik. Hökumətin ayırdığı 400 min manat pulu puça çıxardıq. Şuranın “50+1” sayı və monitorinq qrupu bizimdir”. Mən bu məktubu olduğu kimi Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına Koalisiyalar Şurasına göndərdim. Koalisiyalar Şurasının keçmiş koordinatoru Əliməmməd Nuriyevdən bu məktubdakı məsələlərlə bağlı açıqlama istədim.

Mən sual verdim ki, 400 min manat nə məsələdir? Hakimiyyət bu pulu nə üçün verib? Pulu kim alıb? Şuranın “50+1”i kimin əlindədir? Monitorinq qrupu kimin əlinə keçib? Hansı siyasi qüvvələr Şuraya təsir edir?

Mən haqqlı olaraq öz sözümü dedim. Lakin Milli Şura təəssüfləndirici qərar verdi. Rəhbərliyi aldadan şəxs qaldı bir kənarda, məni Milli Şuradan kənarlaşdırdılar. Yəni, yalan və böhtan dolu məktub yazan qaldı bir kənarda, məktubu ictimailəşdirən şəxsi oradan çıxarıblar. Olsun, anlayışla yanaşıram”.

Adı Mehriban Vəzirin Milli Şuradan çıxmasında hallanan Oqtay Gülalıyev bu məsələyə münasibət bildirmək istəmədiyini deyib.

“Mehriban Vəzirlə bağlı məsələyə münasibət bildirmək istəmirəm. Milli Şura öz qərarını verib, mövqe ifadə olunub. O, necə düşünürsə, bu, onun öz hüququdur. Amma özü daha yaxşı bilir ki, bu qərar nə üçün və necə qəbul olunub”.

O.Gülalıyev Facebook sosial şəbəkəsindəki gizli qrupa məktub göndərməsini təkzib etməyib.

Mehriban Vəzir O.Gülalıyev Milli Şura üzvlərinin gizli qrupuna göndərdiyi məktubun skrinşot formasını AzVision.az-a təqdim edib.



Milli Şuranın sədri Cəmil Həsənli isə rəhbərlik etdiyi qurumda baş verənlərə “belə məsələlər mənlik deyil”- deyə cavab verməklə kifayətlənib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti