`Mini amnitsiya` - Azərbaycanda cəzalar yüngülləşir

`Mini amnitsiya` - Azərbaycanda cəzalar yüngülləşir
  06 May 2016    Oxunub:2482
Milli Məclisin bu gün keçiriləcək plenar iclasında Cinayət Məcəlləsinə maraqlı dəyişikliklərin edilməsi gözlənilir.
AzVision.az xəbər verir ki, dəyişiklikləri ümumi şəkildə “mini amnistiya”adlandırmaq mümkündür, çünki onların qüvvəyə minməsindən sonra yüzlərlə adam cinayət məsuliyyətindən və cəzadan azad olunacaq, bəzilərinin cəzası xeyli yüngülləşəcək, bəziləri isə cəzadan azad olunmaq şansı qazanacaq.

Hüquqşünas Ərşad Hüseynov deyir ki, hazır ki qanunda oğurlanan əmlakın dəyəri 30 manatı aşanda bu cinayət sayılırdısa, bundan sonra həmin məbləğ 100 manata qaldırılır: “Belə ki, 30-100 manat arası oğurluğa görə məhkum olunanlar avtomatik olaraq cəzadan azad olunacaq. İndiyədək 30 manatdan artıq ziyan vurmaqla dələduzluq edənlər və ya özgə əmlakını mənimsəyənlər cinayət məsuliyyətinə cəlb olunurdu, amma bundan sonra dələduzluq və mənimsəmə də yalnız 100 manatdan yuxarı məbləğdə ziyan olduqda cinayət sayılacaq”.

Ərşad Hüseynov bildirib ki, mülkiyyət əleyhinə və sahibkarlıq fəaliyyəti sahəsində cinayət məsuliyyətinə cəlb etmə hədləri də qaldırılıb: “Məsələn, əvvəl 2000 manatdan artıq vergidən yayınma cinayət idi, bu qanundan sonra 20 000 manatdan artıq vergidən yayınma cinayət sayılacaq.

Daha sonra cinayət məsuliyyətindən azad olma imkanları da genişlənir. Məsələn, sağlamlığa qəsdən yüngül zərər vuran şəxs zərərçəkənlə barışdıqda cinayət məsuliyyəti istisna olunur. Bəzi cinayətlər nəticəsində vurulan zərəri ödəmək cinayət məsuliyyətindən azad etməyə səbəb olur (məsələn, qanunsuz sahibkarlıqda, yalançı sahibkarlıqda və s.)”.

Hüquqşunas əlavə edib ki, qanunda yumşalmalara baxmayaraq bəzi əməllərin sanksiyası da sərtləşdiriləcək, xüsusən, cərimə cəzaları bəzi hallarda artırılacaq: “Bəzi cinayətlər üçün isə məsuliyyətə cəlb etmə həddi əhəmiyyətli dərəcədə qaldırıldığına görə sanksiya da artırırlır. Özü də sanksiya məhz cinayət nəticəsində vurulan ziyanın misli ilə hesablanacaq. Məsələn: əmtəə nişanından qanunsuz istifadə edən şəxs 2000 manatdan artıq ziyan vurarsa, cinayət məsuliyyətinə cəlb olunacaq və ziyanın və ya qanunsuz əldə etdiyi gəlirin 2-4 misli miqdarında, yəni 4000- 8000 manat cərimə olunacaq.

Bundan sonra cibgirlərin də işi ağaırlaşacaq. Cibgir 100 manatdan çox talayarsa, 3-7 il azadlığını itirə bilər".

Qeyd edək ki, əvvəllər buna görə maksimum 2 ilədək azadlıqdan məhrum etmə ilə canını qurtara bilərdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti