6 mindən çox azərbaycanlı Qarabağda itkin düşüb

6 mindən çox azərbaycanlı Qarabağda itkin düşüb
  06 May 2016    Oxunub:1798
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə 6 mindən çox Azərbaycan vətəndaşının itkin düşməsi, əsir və girov götürülməsi faktı müəyyən edilib”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. Onun sözlərinə görə, 1435 nəfər Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olub:

“Hazırda Komissiyada 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3094 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq olub. İtən 3801 nəfərdən 877 nəfərinin əsir, girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal edilən ərazidə qalması faktı müəyyən edilib. Ermənistanın bu faktları gizlətməsi barədə Dövlət Komissiyasında məlumatlar var”.

E.Səmədov əlavə edib ki, aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan qoşunların təmas xəttində baş vermiş müharibə zamanı Azərbaycan hərbçilərinin meyiti düşmənin nəzarətində olan ərazidə qalıb. Bundan sonra, aidiyyəti və beynəlxalq qurumlarla birlikdə təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə hərbçilərimizin meyitləri düşmənin nəzarətində olan ərazidən götürülüb:

“Lakin meyitlər götürülən zaman Ermənistan xislətinə uyğun olaraq əldə edilmiş atəşkəs rejimini pozub, gizli videoçəkiliş aparmağa cəhd edib.

Ermənistan bir qayda olaraq təmas xəttində həlak olan insanların meyitlərini gizlətməklə psixoloji təzyiq metodundan istifadə edir. Buna bariz misal Ermənistanın 2010-cu ildə təmas xəttində şəhid olan Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin onlarda olmasını uzun müddət təkzib etməsidir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti