Əli Kərimlinin söyüşü və döyüşü
Əgər bir neçə gün əvvələ qədər seçkilərə 3 ay qaldığını deyirdiksə, artıq bu gün 2 aydan bir az artıq zaman qalıb. Amma ortada olan real siyasi vəziyyət, o cümlədən də seçki abı-havası dəyişmir ki, dəyişmir. Bugünkü durum 3 ay, 5 ay əvvəlkindən demək olar ki, heç nə ilə fərqlənmir.
Paytaxtda isə əzəli və əbədi rəqiblər olan İsa Qəmbərlə Əli Kərimli arasında nüfuz və söz davası davam edir. Hətta vəziyyət o həddə çatıb ki, rəqiblər bir-birilərini “əxlaqsız” adlandırırlar. Konfliktə səbəb isə odur ki artıq neçə müddətdir Əli Kərimlinin uşaqları bir sıra sayt və portallarda İsa Qəmbər və Müsavatı təhqir edir, ona “satqın” damğası vuraraq, xəyanətdə ittiham edirdilər. Cəbhəçilər açıq-aşkar bildirirdilər ki, bəs demə İsa Qəmbər də, Arif Hacılı, da Rauf Arifoğlu və o cümlədən, “Yeni Müsavat” qəzeti də hakimiyyətə satılıb və iqtidara xidmət edirlər.
Mən müsavatçiların cavabına keçmədən öncə bir haşiyə çıxmaq istərdim. Əvvəla, görəsən, İsa Qəmbər və Rauf Arifoğlunun satqın olması cəbhəçilərin yadına niyə məhz indi - yəni o, prezidentliyə namizədlik iddiasından vaz keçmədiyini bəyan edəndən sonra düşdü?
Digər tərəfdən də, mənə hələ də çatmır ki, nədən müxalifət düşərgəsi hansısa xarici dövlətə, instituta işləməyini nəinki gizlətmir, hətta bunu xüsusi bir əda ilə elan edərək, fəxr edir və bu xəyanət satqınçılıq sayılmır, amma Azərbaycan iqtidarı ilə əməkdaşlıq satqınçılıq sayılır. Nə isə...
Keçək müsavatçiların cəbhəçilərin bu iddiasına cavablarına. İlk sərt reaksiya partiyanın icra aparatının rəhbəri Arif Hacılıdan gəldi. Sitat: “Son günlər Əli Kərimlinin tərəfdarlarına məxsus internet saytlarında Müsavatın ünvanına hədyanlar, mənim ünvanıma təhqir və söyüşlərlə dolu yazılar var. Bu söyüşlər, təhqirlər, böhtanlar çirkinlikdir, murdarlıqdır. Bu ifadələrin yiyələri mənim "siyasət çirkin peşə deyil , siyasətdə çirkin insanlar var" deyimimin təsdiqini çox gözlətmədilər. Bu əxlaqsızlar artıq qırmızı xətti keçdilər”.
Amma əxlaq davası bununla da bitmədi. Mətbuata verdiyi müsahibələrinin birində həmişə öz təmkiniylə seçilən Müsavat başqanı da əsəblərini cilovlaya bilməyib və Əli Kərimlinin onun ünvanına söylədiyi replikalara belə cavab verib ki, “Bu, əxlaqsız insanların sozüdür”.
Gördüyünüz kimi, seçki öncəsi bu adamlar öz tərəfdarlarına seçki platformalarını açıqlamaq, proqramlarını təqdim etmək əvəzinə bir-birlərini söyüb, təhqir etməklə məşğuldurlar. Və əgər müxalifət düşərgəsində vəziyyət seçkiyə 3 aydan az qaldığı ərəfədə belədirsə, onda seçki öncəsi söyüşün birinin neçə qəpiyə olmasını təxmin eləmək elə də cətin olmayacaq, məncə.
Amma bu insanlar da qınanılası deyil. Guya deyiləsi ayrı nə sözləri olasıdır ki, bu xalq üçün neyləyiblər ki, hansı daşı daş üstə qoyublar ki, indi də qabağa çıxıb onu söyləyib xalqdan da səs, dəstək istəsinlər? Varmı barmaq qatlayası hansısa əməlləri və ya bir fəaliyyətləri? Yoxdur. Gündəmdəsə nəyin bahasına olursa-olsun, qalmaq lazımdır. Ona görə də, bizim müxaliflər də gündəmdə qalmaq xatirinə hər vasitədən - hətta şou-biznes qaydalarından bəhrələnməkdən belə çəkinmirlər. Yəni səsin yoxdursa, səs-küy sal.
Hələ ki bu səs-küy qarşılıqlı söyüş və təhqir səviyyəsində aparılır. Amma günü-gündən şou-biznes əhlinə daha çox oxşayan müxaliflərimizin seçkiqabağı gündəmə soyunmaqla gəlməyə cəhd etdiklərini də eşitsəniz, heç təəcüblənməyin. Ona görə də, bu cür zəif, parçalanaraq pərən-pərən düşmüş bir müxalifəfi özünə rəqib görməyən və buna görə də qarşıdan gələn seçkidə də geniş təbliğat kampaniyası aparmayacağını açıq-aşkar söyləyən iqtidar cinahını da qınamaq olmur. Və bu məqamda dünya siyasətinin dəmir ledisi Marqaret Tetçerin məhşur deyimi yada düşür: “Siyasətdə seçkini udan güclü müxalifət olmur. Seçkini uduzan zəif iqtidar olur”.
Teqlər: