Azərbaycanda narkotikdən istifadə leqallaşa bilərmi?

Azərbaycanda narkotikdən istifadə leqallaşa bilərmi?
  08 May 2016    Oxunub:3256
Milli Məclisin sonuncu plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda narkotik vasitələrdən istifadənin leqallaşdırılmasını təklif edib.
Bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verildiyini xatırladan Q. Həsənquliyev deyib ki, həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğu sirr deyil:

“Narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur, dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir. Ona görə də satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Lakin narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, qanun layihəsi parlamentə göndərilmişdən əvvəl komitələrdə müzakirələr zamanı təkliflər irəli sürülməlidir.

Milli Məclisin üzvü Musa Quliyev deputat həmkarının təklifinə münasibət bildirib.

Deputat AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycan bir çox narkotik trafiklərin keçdiyi coğrafi ərazidə yerləşdiyindən narkotiklərdən istifadənin leqallaşdırılması müsbət nəticə verməz. Əksinə bu, yeniyetmə və gənclərin kütləvi şəkildə bundan istifadəsinə gətirib çıxara bilər.

Millət vəkili qeyd edib ki, yüngül narkotiklərdən istifadə edən insanlar heç də həmişə bu doza ilə qane olmurlar. Yüksək miqadarda narkotikin qəbulu isə həmin insanları cəmiyyət üçün yararsız məxluqa çevirir.

Musa Quliuyev həmkarı Qüdrət Həsənquliyevin fikirlərinə hörmətlə yanaşsa da, onun bu təklifi ilə razılaşmadığını deyib.

“Hazırda səhiyyədə metadon terapiyadan istifadə olunur. Amma bu narkotikdən istifadənin leqallaşdılması hesab oluna bilməz. Bu terapiya narkomaniya xəstəliyinə tutulmuş şəxslərin daha yüngül, narkotiki əvəz edən maddələrdən dövlətin nəzarəti altında istifadəsidir ki, onlar cinayət və ya bu kimi əməllərə əl atmasınlar.Ümumilikdə isə ölkədə narkotikdən istifadənin leqallaşdırılması yolverilməzdir”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti