“Bakirəliyini itirmiş” ev

“Bakirəliyini itirmiş” ev
  23 İyul 2013    Oxunub:1899
"Mənim də bəxtimə bu vətən düşüb,
Havayı açılmır çiçəkləri də..."
Yəqin yadınızdadır, məktəb illərində “Hardan başlanır vətən?” başlıqlı inşa mövzusu vardı. Mənim heç vaxt bu suala konkret cavabım olmurdu. Gah fikirləşirdim ki, anamın qoynundan, gah da fikirləşirdim ki, evimizdən, yaşadığım küçədən, şəhərdən, lap elə Azərbaycanın özündən başlayır vətən... Sonra düşünürdüm ki, axı niyə vətən hardansa başlamalıdır ki? Axı niyə vətənin bizimçün nə olduğunu ibarəli sözlərlə, fikirlərlə ifadə etməliyik?

Elə sonuncu dəfə əyri-üyrü xətli inşa dəftərimdə yazmışam o sualın cavabını. İndi yoxdur o dəftərim, məktəb yoldaşlarım o inşaları köçürüb qiymət alırdılar, elə onlardan birində də qaldı, bilmədim kimdə. Hə, harda başlandığına cavab tapmamışdım ki, elə ordaca sonlandı vətən. Əyri-üyrü vətən sevgimin başqa dəftərlərə köçürüldüyü yerdə...

İndi isə düşünürəm ki, beşikdən qəbrə qədər harda halallığın varsa, oradır vətən. Hələ haram qatılmamış ananın südüdür vətən... haramın nə olduğunu bilmədən iməkləyərəkən yıxılıb ağzının dəydiyi yerdir vətən, səni qaldırmaq üçün təmənnasız uzadılan əldir vətən. Sənin içindir vətən, vicdanındır vətən. Atanın alnının təri, əlinin qabarıdır vətən. O qabardan “bişən” bir nimçə yeməkdir vətən. “Levıy” işığın olmadığından qaranlıqda, şam işığında oxuduğun kitabındır vətən, o kitabın apardığı ali təhsil ocağındır vətən, o ocaqdan aldığın təqaüdlə kirayələdiyin birotaqlı evdir vətən...

Hə kirayələdiyin ev! Çoxları kimi mən də 4 illik tələbəliyimi kirayəçi kimi keçirmişəm. Şirin olur, maraqlı olur, qəribə bir həvəslə, istəklə bəzəyib-düzəyirsən, amma özünün olmur, sənin olmur, ora daşıdığın qab-qacağından başqa... Doğmalaşandan sonra tərk etməli olursan hər dəfəsində... Hər köçdüyün yerdə yenə bitir vətən... Yarımçıq “vətənlər”lə yola davam edirsən...

Alınan-satılan, köçülən yerdən vətən olmazmış, demək... Ev yuvadır, yuva məhrəm olur... orda doğulursan, orda uşaq dünyaya gətirirsən, orda tikəni bölürsən, HALAL tikəni! Halal olmayanda ac qalırsan, orda ağlayırsan-gülürsən, orda sevirsən, oranı sevirsən... Oranın divarı uçuq, rəngsiz, döşəməsi laxlamış olsa belə... Oranın tavanından başına su damsa belə... Təki sənin ürəklə “vətən” deyəcəyin bir yerin olsun. İllərlə qurub-yaratdığın imarət, nə yolla olur-olsun almağa çalışdığın ev bir gündə başına uça bilər, yağmalana bilər, sənin olmaqdan çıxar. Ona görə, özünüzə vicdandan, haqdan, ədalətdən, ləyaqətdən, şərəfdən, doğmalıqdan, dostluqdan, halallıqdan bir EV qurun... Evə mülk kimi, daşınmaz əmlak kimi baxılırsa, cəmiyyətin daşladığı bakirəliyini itirmiş qıza dönür... Sonra o “qız”ı alan olmur! Alanda da başı qapazlı olur...

PS: Uşaqlara “Hardan başlanır vətən?” sualını verməyin, qoy içlərində bir vətən yaratsınlar. Köçüb-köçürülməyən bir vətən... Pafoslu sözlərdən başlayan vətən sonda “haram” bir ev olur, başının üstündə damı olub, Allahı olmayan bir ev...


Teqlər:  





Xəbər lenti