Jurnalistlərin Heydər Əliyevlə bağlı xatirələri

Jurnalistlərin Heydər Əliyevlə bağlı xatirələri
  10 May 2016    Oxunub:11291
Bu gün Azərbaycanın ümummilli lideri, tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cı ildönümüdür.

Ulu öndərin fəaliyyəti dövründə onun səfərlərini, çıxışlarını işıqlandıran, tez-tez onunla görüşən jurnalistlər Heydər Əliyevlə bağlı maraqlı xatirələrini AzVision.az-la bölüşüblər.

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcidin sözlərinə görə, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa olunmasında, möhkəmlənməsində böyük rolu olduğu kimi mətbuatın inkişafında da misilsiz xidmətləri olub.

Baş redaktor bildirib ki, Heydər Əliyev 1998-ci ildə 100 ildən artıq olan senzuranın ləğv etməklə Azərbycanın mətbuat tarixinə öz adını qızıl hərflərlə yazdırıb.

Ulu öndərlərin jurnalistlərlə görüşündə iştirak edən R.Məcid Heydər Əliyevin səmimi insan olduğunu vurğulayıb.

“Heydər Əliyev mətbuata böyük diqqət göstərirdi. Jurnalistlərlə tez-tez görüşür, müsahibələr verirdi. İndiki kimi yadımdadır, 2002-ci ildə mərhum Heydər Əliyevdən müsahibə götürmüşdüm. Mənim Qarabağ problemi ilə bağlı sualıma Heydər Əliyev təqribən 45 dəqiqəni əhatə edən cavab verdi. Bəlkə də heç vaxt heç demədiyi səmimi fikirlərini bizimlə bölüşdü. O jurnalistlərin dostu idi. Bizimlə görüşlərdə problemlərimizlə maraqlanardı”.



Tanınmış jurnalist Qulu Məhərrəmlinin fikrincə, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin beynəlxalq aləmdə tanınmasında, Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin misilsiz rolu olub.

Ulu öndərin şəxsiyyət kimi çox maraqlı insan olduğunu deyən Q. Məhərrəmli 30-dan çox ölkədə Heydər Əliyevi müşayiət edib.

“Heydər Əliyev çox səmimi və diqqətcil lider idi. O, mətbautı yaxından izləyirdi. Demək olar ki, mətbuatda çıxan bütün yazılardan xəbərdar olurdu. O vaxt mən “7 gün” proqramını aparırdım. Həmin proqramla bağlı mənə maraqlı suallar verirdi. Xarici səfərlərdə onu müşayiət etməyimin özü başqa bir mənzərə idi. Onun Marqarit Tetçer, Bill Klinton, Corc Buşla keçirdiyi görüşləri işqlandırmışıq. Heydər Əliyevin dialoq aparmasına heyran idim. Məsələlərə yanaşması, Azərbaycanla bağlı gerçəkləri təqdim etməsi, Qarabağ problemi ilə bağlı ən incə nüansları təqdim etməsi, bölgədəki geosiysi problemləri məharətlə çatdırması siyasi dərs idi”.

Q.Məhərrəmli Heydər Əliyevin son dərəcə maraqlı həmsöhbət olduğunu deyib: “Heydər Əliyevlə bir neçə dəfə söhbətimiz olub. Çox incə suallar verirdi. Bir dəfə onun çıxışını montaj edirdik. Montajda texniki baxımdan kadrları birləşdirməyəndə arada sıçrayış yaranır. Buna görə bəzən onun əvəzinə kadra başqa adamın görüntüsünü və ya başqa planlar qoyurduq. Həmişə soruşdu ki, o nədir ki, mənim çıxışımın üstündə bəzən belə şeylər verirsiniz? Heydər Əliyev həmişə mübahisəli məsələlərdə jurnalistlərin tərəfini saxlayırdı.

Amerika səfərlərinin birində İranla bağlı maraqlı dialoq olmuşdu və bir tərəddüd edirdik ki, bu məlumatı necə verək. Çox diqqətlə qulaq asırdı və soruşurdu ki, bunu niyə vermək olar, niyə vermək olmaz? Əgər sən onu inandıra bilirdinsə və əlində arqumentin olurdusa, Heydər Əliyev çox anlayışla yanaşırdı. Hər şeyi hər kəsdən gözəl bilirdi. Amma bununla yanaşı jurnalistlərin firiklərinə də hörmətlə yanaşırdı. Heydər Əliyev jurnalistlərlə dost kimi söhbəti edirdi”.



Q.Məhərrəmli ulu öndərlə bağlı yaddaqalan xatirələrinin çox olduğunu söyləyib.: “2001-ci ildə Aşqabadda Xəzəryanı ölkələrin sammiti keçirilirdi. Heydər Əliyev səfərdən qayıdanda Bakıda aeroportda jurnalistlərə dedi ki, qalın, sizə sözüm olacaq. Biz də qaldıq. Sözə başlayan kimi dedi ki, bunu sizə bir prezident kimi yox, bir dost kimi deyirəm. O vaxtlar Türkmənistanın rəhbəri ilə bağlı bizim mətbuatda tənqidi yazılar gedirdi. Bu məsələyə toxunub bildirdi ki, əgər mümkündürsə, onunla bağlı tənqid yazmayın. O, bu kimi tənqidləri yaxşı qarşılamır. Özü ilə Türkmənbaşının dialoqunun da bizə yumor hissi ilə nəql etdi:

“Türkmənbaşına deyəndə ki, bizim mətbuat azaddır və hətta mənim özümü də tənqid edirlər. O, mənə çox təəccüblü baxıb, gülə-gülə dedi ki, sən ölkənin prezidentisən, necə onların qarşısını ala bilmirsən. Mən də cavab verdim ki, görürsünüz, mənim vəziyyətim çox ağırdır”. Heydər Əliyev hər xırda məsəələyə belə həssaslıqla yanaşırdı”.



Uzun illər jurnalist kimi fəaliyyət göstərən millət vəkili Elmira Axundova da Heydər Əliyevlə bağlı maraqlı xatirələrini bizimlə bölüşüb.

Ulu öndərlə dəfələrlə həmsöhbət olan millət vəkili onun səmimi və vəfalı lider olduğunu bildirib.

“Heydər Əliyevlə çoxsaylı görüşlərimiz olub. Ekstremal vəziyyətlərdə, hətta Lissabon sammitində də onunla birgə idik. Deyə bilərəm ki, öz sadəliyi, həyata sevgisi, jurnalistlərə məhəbbəti ilə çox dahi insan idi. Onunla 156 ölkəni gəzmişəm. Bir dəfə mən soruşdum ki, sizin kimi dahi insan biz jurnalistlərdən nə öyrənə bilər? Cavab verdi ki, siz sadə insanları görürsünüz, bu və ya digər ölkədə onların güzəranını görürsünüz, həmin ölkədə söz azadlığı necədir? Həqiqəti bilmək lazımdır. Mən isə prezidentlərdən həqiqəti öyrənə bilməyəcəyəm. Siz isə bu həqiqətləri mənə çatdırısınız. Ona görə də bizimlə ünsiyyətdə olmağı çox xoşlayırdı. Həmişə özü ilə səfərlərə jurnalistləri aparmağı sevirdi, onlara xarici ölkələri göstərir, bizi böyük siyasət nədir, özümüzü necə aparmalıyıq, hamısını öyrədirdi”.

Heydər Əliyevlə ilk dəfə 1991-ci ildə Naxçıvanda görüşdüyünü söyləyən Elmira Axundova bu görüşdən sonra 2-3 gün özünə gələ bilmədiyini deyib.



“Heydər Əliyevlə görüşdən sonra başa düşdüm ki, o, çox böyük insan, dahi siyasətçidir. O, çox qısa zamanda məni özünə tərəf çəkdi, cəlb etdi. Bu çevriliş məndə də baş verdi. 3 ildən sonra onunla ikinci dəfə görüşdüm. 1993-cü ildə Heydər Əliyev Bakıya gələndə ilk növbədə Nazirlər Kabinetinə gəldi. O zaman mən Nazirlər Kabinetində işləyirdim. Həmin vaxt mənə dedilər ki, Heydər Əliyev Rəsul Quliyevin kabinetindədir. Mən heç kimə, heç nəyə baxmadan onun qəbul otağına getdim. Katibənin israrına baxmayaraq, başımı qapıdan içəri saldım. Qapıdan sadəcə başım görünürdü.

Heydər Əliyev üçün elə darıxmışdım ki, sadəcə onu bir anlıq görmək istəyirdim. Heydər Əliyev qapıdan uzaqda oturmuşdu. Başını qaldırdı, dedi ki, bu Elmira deyil? Dərhal onun yanına getdim və görüşdük. Sevindiyimdən ağlayırdım, dedim, nəhayət siz Bakıya gəldiniz. Baxmayaraq ki, onun işləri çox idi, amma məni tanıdı”.



Jurnalist Aynur Nəsirova ilk dəfə ulu öndərlə 2000-ci ildə görüşüb.

“Ümummili liderin xarici ölkələrdən birinə səfəri zamanı ayaqüstü brifinq üçün jurnalistlər hava limanında toplaşmışdı. Lider TV-nın çəkiliş qrupu olaraq mən və operator Kənan Məhəmmədov da orda idik. Məndən fərqli olaraq, Kənan belə çəkilişlərdə çox olmuşdu. Yol boyu Heydər Əliyevə verəcəyimiz sualı müzakirə edirdik. Müsahibə anı yetişdi, artıq 20 dəqiqəyə yaxın idi ki, ümummilli lider həmkarlarımın suallarını cavablandırırdı. Mən sadəcə dayanıb baxırdım. Birdən Kənan astaca qoluma toxunaraq, “Aynur, axı sən sual verəcəkdin” – dedi. Yalnız ondan sonra harda və nə səbəbə olduğumu xatırladım. Bu sual sonrakı 2 il müddətində hər görüşdə H.Əliyevə ünvanladığım sualların başlanğıcı oldu. Artıq onun yaxın ətrafında xüsusi yerim var idi və heç kim orda dayanmırdı”.

Mərhum prezidentlə bağlı maraqlı xatirələrindən söz açan A.Nəsirovanın sözlərinə görə, Heydər Əliyev jurnalistlərə xüsusi diqqət göstərirdi.

“Kinostudiyanın qocaman operatorlarından biri ayağı ilə qarşımı kəsərək orada dayanmağıma mane oldu. İrəli keçə bilmədiyim üçün arxada dayanmalı oldum. Heydər Əliyev müsahibəyə başlamazdan əvvəl hər zaman ətrafa baxırdı və jurnalistlərlə hal-əhval tuturdu. Mənə tərəf baxdı və həmin operatora “qızın yerindən çəkil” dedi. Bu, ümummilli liderin jurnalistlərə qarşı xüsusi diqqətindən irəli gəlirdi”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti