Azərbaycanda bu yollar pullu olacaq

Azərbaycanda bu yollar pullu olacaq
  11 May 2016    Oxunub:2967
“Şamaxı-Quba yolunun tikintisi üçün investorlar cəlb olunsa, həmin yolun gələcəkdə ödənişli olması gözlənilir”.
Bunu AzVision.az-a “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

ASC rəsmisi bildirib ki, Şamaxı-Quba mövcud yolunu qət edənlər Rusiya sərhəddinə gələrək Bakıya, Bakıdan Şamaxı istiqamətinə, Yevlax və s. istiqamətinə gedə bilərlər.

“Qubadan-Şamaxıya mövcud yol 300 kilometr edir. Lakin sərmayeçi olsa, Qubadan Şamaxıya 100 kilometrlik alternativ yol çəkilə bilər”.

A.Nəcəflinin fikrincə, ödənişli yolların olması üçün ilk növbədə alternativ yollar olmalıdır: “Hazırda mütəxəssislərimiz başqa hansı yolların ödənişli olması ilə bağlı araşdırma aparırlar”.

A.Nəcəflinin sözlərinə görə, 2017-ci ildə tikintisi başa çatacaq Ələt-Astara magistral yolunun gələcəkdə ödənişli olması ilə bağlı Nazirlər Kabinetinə təkliflər verilib. Ödənişlər əsasında sərf edilən vəsaitin büdcəyə qaytarılması planlaşdırılır: “Eyni zamanda büdcədən vəsait ayrılmadan həmin yolun saxlanması təmin olunacaq. Ödənişin daimi olması nəzərdə tutulub. Yeni yol məsafə baxımından qısa olacaq, 40 kilometr. Həm də yolun keyfiyyəti yüksək səviyyədə olacaq. Sürücülər daha az yanacaq sərf etməklə mənzil başına tez və rahat çata biləcəklər. Yolun daha bir özəlliyi yaşayış məntəqəsindən keçməməsidir. Magistral əsasən tranzit yüklərin daşınmasında əvəssiz rol oynaya bilər”.

ASC rəsmisi əlavə edib ki, ilkin hesablamalara görə, ödənişli yoldan il ərzində 5-6 milyon manat gəlirin əldə edilməsi planlaşdırırılır.
Qurum rəsmisinin dediyinə görə, sözügedən yolda ödənişin məbləği də müəyyənləşdirilib:

“Yanacaq sərfiyyatı və vaxta qənaət baxımından 1 kilometr üçün təxminən 3-4 qəpik ödəniş hesablanıb. Bu, təklifdən asılıdır. Təklif qəbul olunacağı təqdirdə rəqəmlər konkretləşəcək. Bu yolun özəlliyi ondan ibarətdir ki, Salyanın girişindən başlayaraq Astara-İran sərhədinə qədər heç bir yaşayış məntəqəsinin içindən keçmir. Yeni yolun tikintisi başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə təxminən 40 kilometr qısalacaq”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti