“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, telefon danışıqlarının nəticəsinin olacağını inandırıcı görsənmir.
“Kerri və Lavrov telefon danışıqları zamanı ancaq Dağlıq Qarabağı müzakirə etmirlər. Danışıqlar zamanı əsas müzakirə mövzusus Suriya və Ukrayna olur. Buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə də qısa vaxt ayrılır. Qarabağ problemini saatlarla müzakirə edib, ümumi məxrəcə gəlmək mümkün deyilsə, 5-10 dəqiqəlik telefon danışığı ilə bu, necə mümkün ola bilər?”.
Politoloqun fikrincə, hələlik münaqişəninin həlli ilə bağlı ortada konkret layihə yoxdur. Ona görə də hazırki şəraitdə məsələyə optimist yanaşmaq mümkün deyil.
“Düşünürəm ki, böyük dövlətlər Ermənistana təsir etmək gücündə deyillər. Bu isə müharibənin hər an başlama ehtimalını artırır”.
E.Şahinoğlunun sözlərinə görə, telefon danışıqları, səfərlər məsələnin aktuallaşması baxımından əhəmiyyətlidir: “Belə hallarla məsələ aktuallaşır. Hamı görür ki, sülh əldə olunmasa, müharibə başlayacaq. Müharibəni isə heç kim istəmir. Amma, müharibəni istəməmək azdır. Real alətləri işə salmaq lazımdır”.
Politoloq Qabil Hüseynli isə bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə qoşulması yaxşı haldır:
“İndiyə qədər ABŞ münaqişənin həllinə aktiv qoşulmamışdı. ABŞ hazırda Qarabağla bağlı mövqeyini açıq şəkildə ifadə edir. ABŞ bəyan edir ki, Ermənistan bütün işğal olunmuş ərazilərdən geri çəkilməlidir. Bu, sağlam mövqedir və Azərbaycanı da təmin edir.
Rusiya ilə təkcə telefon danışığı, təlqin vasitəsi münaqişəni həll etmək mümkün deyil. Hesab edirəm ki, ABŞ proseslərə daha fəal qoşulmalıdır. ABŞ-ın burada strateji maraqları var. Bu ölkə imkan verməməlidir ki, Rusiya Ermənistanı birtərfli qaydada silahlandırsın, Azərbaycan ordusu üstünlük qazanmağa çalışanda hücum əməliyyatlarından çəkindirilsin”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


