`Prezidentlərin görüşü baş tutmaya bilər` - YAP-dan reaksiya

`Prezidentlərin görüşü baş tutmaya bilər` -  YAP-dan reaksiya
  12 May 2016    Oxunub:5034
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşəcək. Bu barədə `TASS` agentliyi İrəvandan olan diplomatik mənbəyə istinadən xəbər yayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, prezidentlərin bu görüşü baş tutmaya bilər.

YAP funksioneri AzVision.az-a açıqlamasında deyib ki, buna səbəb Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlarıdır:

“ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin bu görüşünü təşkil etməyə çalışır. Amma Azərbaycan görüşə məsuliyyətlə yanaşır. Ona görə də əgər görüşdən konkret bir nəticə olmayacaqsa, Ermənistan yenə süni konstruktivlik yaradacaqsa, Azərbaycan bununla razılaşmayacaq.

Son bir ay ərzində Ermənistan dəfələrlə öz mövqeyini dəyişib. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar verib. Bütün bunlardan sonra görüşə getmək sual altındadır. Hər halda təklif nəzərdən keçiriləcək. Əgər görüşdən nə isə gözləməyə dəyərsə, razılıq veriləcək. Görüş xatirinə görüşdən isə Azərbaycan imtina edəcək”.

A.Mirzəzadə vurğulayıb ki, bundan sonra Azərbaycan görüşün nəticəsinə uyğun addımlar atacaq: “Görüşə razılığın verilməsinin özü hələ hər şey demək deyil. İstənilən halda, əgər görüş baş tutacaqsa, görüşün baş tutamasına görə yox, nəticəsinə görə qiymət veriləcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti