`Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır` - Vitse-spiker

`Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır` - Vitse-spiker
  13 May 2016    Oxunub:5253
“Münaqişənin həllinə dair səylərin artırılması ilə bağlı fikirlərin səsləndiyi bir vaxtda Ermənistan tərəfi danışıqlarda konstruktiv mövqe nümayiş etdirmir, prosesləri pozmağa, status-kvonun uzadılmasına nail olmağa çalışır. Bunun üçün də ona havadarları müəyyən köməklik göstərir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Parlamentdə “Təmas xəttində son hadisələr: Beynəlxalq Humanitar Hüququn Problemləri” adlı dinləmələrdə deyib.

Vitse-spiker bildirib ki, Ermənistan tərəfinin təmas xəttində təxribatları artmaqdadır: “Nəzərə almaq lazımdır ki, bu, yalnız son bir ayın məsələsi deyil, düşmən ölkə 2014-2015-ci ildən bu günə qədər ardıcıl məqsədyönlü şəkildə Azərbaycanı və ölkəmizi dəstəkləyənləri provakasiyaya çəkmək, təcavüzkar siyasəti davam etmək üçün imkanlar əldə etmək istiqamətində addımlar atılır və Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirilir, nümayişkəranə şəkildə Azərbaycana qarşı çağırış edilir, ölkəmizin ərazisindəki mövcud maddi və mənəvi abidələr məhv edilir, orada olan tarixi izlər silinir və “Dağlı Qarabağ Respublikasının” tanıtdırılması istiqamətində beynəlxalq səylər göstərilir. Aprelin əvvələrində baş verən hadisələr zamanı mülki əhaliyə ciddi ziyan dəyib. Azərbaycan ordusunun müvafiq bölmələri təxribatın qarşısını almaq üçün ciddi hücumə keçdi. Azərbaycan üçün vacib olan bir neçə yüksəkliklər geri alınaraq, təmas xəttində böyük bir əraziyə nəzarət gücləndirilib”.

B.Muradova vurğulayıb ki, aprelin əvvəlindəki döyüşlər zamanı Ermənistan tərəfinin uzun illərdir yaratdığı fikirlər sarsılıb: “Bu döyüşlər düşmən ölkənin daxilində ziddiyətli proseslərə start verdi. Ermənistan hakimiyyəti üçün arzuolunmaz proseslər getməyə başladı. O cümlədən Dağlıq Qarabağda müharibənin lazım olmadığı ilə əlaqədar fikirlər səsləndirildi. Erməni əsilli nümayəndələrin müxtəlif fikirləri, bəyanatları səslənməkdədir. Bu, onu göstərir ki, onların bir qismi vəziyyətdən yorulub və münaqişənin həllini istəyirlər. Ermənistan münaqişəni başlatmaqla ilk növbədə erməni xalqı üçün, Dağlıq Qarabağda yaşayan ermənilər üçün problem yaratdı”.

B. Muradova Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu vurğulayıb: “Biz o vətəndaşların da problemlərini həll etməliyik, qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytarmalıyıq. Aprel hadisələri zamanı Azərbaycanın buna daha çox imkanı olduğu üzə çıxdı. Azərbaycan göstərdi ki, bu vəziyyətlə uzun müddət barışmayacaq”.

Vitse-spiker hesab edir ki, aprel hadisələri zamanı Azərbaycanın imkanlarının daha çox olduğu ortaya çıxdı: “Biz dünyaya göstərdik ki, Azərbaycan bu hadisə və vəziyyətlə barışmayacaq, buna dözümlülük nümayiş etdirməyəcək, ermənilərin provakasiyaları qarşısında siyasi və digər addımlar atacaq. Azərbaycan buna qadirdir. Azərbaycan ordusunun regionda ən güclü ordu olmasına heç kimin şübhəsi qalmadı. Əsas da Azərbaycan vətəndaşları öz ordusuna Ali Baş Komandana, ölkəmizin tezliklə münaqişənin həll edəcəyinə inamları bir daha möhkəmləndi. Bu inamla biz həmin dövrlərdə ordu-xalq, xalq və Ali Baş Komandan birliyinin şahidi olduq. Bunu Ermənistan, eləcə də onları dəstəkləyən qüvvələr də gördü”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti