Aprel döyüşlərində 320 erməni hərbçi məhv edilib - RƏSMİ

Aprel döyüşlərində 320 erməni hərbçi məhv edilib - RƏSMİ
  13 May 2016    Oxunub:4996
“Aprelin əvvəlində düşmən ön mövqedəki qüvvələrimizi sıradan çıxarmaq istəyirdi”.

AzVision.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri” mövzusunda keçirilən dinləmələr zamanı deyib.

O, qeyd edib ki, cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli idi: “Müdafiə Nazirliyi aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi, sıradan çıxardı. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi”.

V.Dərgahlı bildirib ki, aprelin əvvəlindəki döyüşlər zamanı düşmənin 30-dək tankı məhv edilib: “Düşmənin 320 döyüşçü öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib. Silahlı Qüvvələrin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu, uğurla yerinə yetirildi.

Düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi. Ancaq əməliyyatlar zamanı Azərbaycanın hərbi qüvvələrinin ön mövqedəki qüvvələrinin bir qismi cəlb olunmuşdu. Azərbaycan Şəmkir korpusunu, Naxçıvandakı əlahiddə ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Bununla belə, düşmənin səyləri heç bir nəticə vermədi”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti