Putin Roqozini Bakıya niyə göndərir? - Səfərin detalları

Putin Roqozini Bakıya niyə göndərir? - Səfərin detalları
  14 May 2016    Oxunub:4462
Rusiya baş nazirinin müavini Dmitri Roqozin yenidən Azərbaycana səfər edəcək. “İnterfaks”ın yaydığı məlumata görə, mayın 17-də baş tutacaq səfər zamanı Dmitri Roqozin Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.

Səfər çərçivəsində, həmçinin Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən gəlişi müzakirə olunacaq. “Tərəflər Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti müzakirə edəcəklər”,- deyə mənbə vurğulayıb.

Ekspertlər hesab edirlər ki, Roqozin Bakıya silah satışı ilə bağlı danışıqlara gəlir. Səfəri zamanı Rusiya və Azərbaycan arasında silah alqı-satqısına dair yeni müqavilənin imzalanacağı iddia edilir.

Politoloq Qabil Hüseynli hesab edir ki, Roqozinin Bakıya gəlişində Rusiya prezidenti Valdimir Putinin səfəri ilə bağlı məqamalar müzakirə olunacaq: “Bundan əlavə daha çox Azərbaycanla Rusiya arasında silah satışı ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, Azərbaycanın Rusiyadan daha öncə aldığı silahlar hələlik təhvil verilməyib. Eyni zamanda alınan silahlarda müəyyən texniki qüsurlar aşkarlanıb. Güman ki, bu məsələ yenidən müzakirə olunacaq”.

Onun sözlərinə görə, Azərbaycan Rusiyadan silah alışını davam etdirmək niyətindədir: “Azərbaycan yenidən Rusiyadan böyük məbləğdə silah almaq istəyir. Bu məsələ Rusiya üçün önəmlidir. Hesab edirəm ki, Roqozin Azərbaycana böyük məbləğdə silah satışı üçün müqavilə imzalamağa gəlir”.



Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Roqozin hər hansı bir ölkəyə səfər edən zaman silah satışı ilə bağlı yeni müqavilələr imzalanır: “Ona görə də hesab edirəm ki, səfər zamanı Rusiya ilə Azərbaycan arasında silah alqı-satqısına dari yeni müqavilənin şərtləri müzakirə olunacaq. Aprelin əvvəlində cəbhədə gərginlik yaşanan zaman Roqozin bəyan etmişdi ki, Rusiya Azərbaycana əvvəlki qaydada silah satışını davam etdirəcək. Eyni zamanda daha öncə Rusiyadan alınan silahlarda texniki problemlər yaranmışdı. Böyük ehtimalla bu problem aradan qaldırılıb və Roqozinin səfəri zamanı bu kimi məsələlər müzakirə olunacaq”.

Ü.Cəfərov qeyd edib ki, hazırda Azərbaycan və Rusiya arasında silah alışına dair müzakirələr aparılır və səfər zamanı yeni müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın ölkəmizə silah satmağı ilə bağlı narahatçılığına münasibət bildirərkən qeyd etmişdi ki, Rusiya strateji tərəfdaşı kimi Azərbaycana silah satmağa davam edəcək. Onun sözlərinə görə, silah satışı mövcud müqavilələrə uyğun həyata keçiriləcək:

“Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə strateji tərəfdaşımızdır”.

Xatırladaq ki, 2015-ci ilin əvvəllərində Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın “Rosoboroneksporte” şirkəti bəyan edib ki, 2010-cu ildə bağlanmış sazişə əsasən 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılması təmin ediləcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti