`Metsamor` regionu Çernobıla çevirə bilər - Deputatlar etiraz edir

`Metsamor` regionu Çernobıla çevirə bilər - Deputatlar etiraz edir
  17 May 2016    Oxunub:3026
Metsamor Atom Elektrik Stansiyasının real təhlükə mənbəyinə çevrilməsi region ölkələrini ciddi addımlar atmağa məcbur edir. Azərbaycan yenidən bu məsələni dünya çapında qaldıraraq Metsamor-un fəaliyyətinin tezliklə dayandırılması ilə bağlı “StopMetsamor” kampaniyasına start verib. Artıq bununla bağlı petisiya başladılıb.

Metsamor Azərbaycanla yanaşı bütövlükdə 5 ölkə üçün ciddi fəlakət mənbəyidir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov AzVision.az-a bildirib ki, beynəlxalq təşkilatlar “StopMetsamor” petisiyasına ciddi yanaşmalı, müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.



Deputatın fikrincə, Metsamor AES-in fəaliyyəti tez bir zamanda dayandırılmalıdır: “Metsamorun istismar müddəti başa çatıb. Etmənistan dövlətinin hazırkı vəziyyəti onun yenidən bərpası üçün imkan vermir. Odur ki, sözügedən Atom Elektrik Stansiyası tək Ermənistan üçün yox, bütün region üçün təhlükə mənbəyidir. Qonşu dövlətlər, eləcə də Azərbaycan dövlət səviyyəsində vaxtaşırı müvafiq qurumlara bununla bağlı müraciətlər ünvanlayıb”.

E.Məmmədov qeyd edib ki, Ermənistan dövləti və dövlətə rəhbərlik edən hərbi xunta dünyada tanınan çox güclü terror təşkilatları ilə iş birliyindədir. Onlar Metsamor-da radioaktiv maddələri oğurluq, qaçaqmalçılıq yolu ilə müxtəlif terror təşkilatlarına ötürürlər. Azərbaycan tərəfi Birləşmiş Millətlər Təşkilatını, ATƏT-i, MAQATE-ni dəfələrlə bu haqda məlumatlandırıb.

Bundan başqa ermənilər həmin atom elektrik stansiyasında olan tullantılardan, radioaktiv maddələrdən qeyri-qanuni yolla müxtəlif partlayıcıların, mərmilərin, minaların içərisinə daxil edirlər.

Bu yaxınlarda Müdafiə Nazirliyi ermənilərin Tərtər istiqamətində istifadə etdiyi silahların kimyəvi tərkibdə olduğunu açıqladı. Top məmilərinin içərisində istifadəsi qadağan olunmuş kimyəvi maddələr aşkar olunub. Ermənistana təzyiq edilməli, Metsamorun fəaliyyəti tezliklə dayandırılmalıdır”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib ki, Metsamor regionda növbəti Çernobl fəlakəti yaşada bilər. Deputatın sözlərinə görə, AES ətraf mühiti çirkləndirməklə qonşu ölkələrin ekoloji durumunu ciddi təhlükə ilə üz-üzə qoyur.

A.Mollazadə hesab edir ki, ilk növbədə stansiyanın istismarına son qoyulması üçün MAQATE ciddi işlər görməlidir:



“Bundan başqa Ermənistanın bir sıra şəxslərinin verdiyi bəyanatlar AES-in fəaliyyətinin dayandırılması üçün ciddi ananos olmalıdır. Ermənistanda yeni nüvə təhlükəsi formalaşır. Söhbət hazırda Ermənistanda “çirkli bomba”ların hazırlanmasından gedir. Ermənistan Azərbaycanı nüvə silahı ilə hədələyir. Biz beynəlxalq təşkilatlara, nüfuzlu dövlətlərə Ermənistanın “çirkli bombalar” hazırlamasını çatdırmalıyıq”.

A.Mollazadənin sözlərinə görə, Ermənistanın beynəlxalq terror təşkilatları ilə əməkdaşlıq etmələri təhlükəni daha da genişləndirir.

“Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı bütün beynəlxalq təşkilatları məlumatlandırmalı, AES-in təhlükə səviyyəsinin nə qədər böyük olmasını dünyaya çatdırmalıdır.Metsamor AES-in nüvə tullantılarının Kür və Araz çaylarına axıdılması stansiyanın ərazisindəki 4 ölkəni ekoloji fəlakətə sürükləyir. Ermənistan ərazisi bütövlükdə Kür-Araz hövzəsinə aid olduğundan ora atılan, axıdılan istənilən tullantı bir necə müddətdən sonra Azərbaycan ərazisində yerləşən çaylarla axaraq Xəzərə gəlir. Bundan başqa Metsamor AES-in tullantıları Kür və Araz çaylarına axıdıldığından ətraf ərazilərdə və bu çayın suyundan istifadə edənlərin səhhətində müxtəlif xəstəliklər müşahidə olunur”,

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyevin fikrincə, Metsamor AES-dən çaylara axıdılan maddələr insan orqanizmində istənilən xəstəliyi yarada bilər.



“Ağır yüklü metalların utilizasiyası aparılmadan çaylara atıldığından bu geniş ərazidə şüalanma yaradır. Son nəticədə isə ankoloji və qan xəstəlikləri yarada bilər. Bundan başqa endokrin sistemi xəstəliklərinin inkişafı ilə nəticələnir. Ümumiyyətlə, ağır metalla zəhərlənmə xroniki və irsi keçən xəstəliklərə gətirib çıxarır. Bu baxımdan Metsamor bizim üçün ciddi təhlükəldir. Azərbaycan bu AES-in fəaliyyətinin dayandırılması ilə bağlı ciddi işlər aparmalıdır”.

Millət vəkilləri Metsamorun fəaliyyətinin dayandırılması ilə bağlı yenidən beynəlxalq qurumlara müraciət edəcəklərini bildiriblər.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti