Bəyanatda bildirilir ki, prezidentlər atəşkəs haqqında müqaviləyə və öz münaqişənin sülh yolu ilə həll edilmədinə sadiqliyi təstiq ediblər. Zorakılıq artması riskini azaltmaq üçün onlar ATƏT-in istintaq mexanizmi üzərində işlərin daha tez zamanda bitirməsinə razılaşıblar.
Prezidentlər iyun ayında hər iki tərəf arasında razılaşdırılmış yerdə keçiriləcək danışıqların növbəti mərhələsi barədə razılığa gəliblər.
.jpg)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyana görüşünə münasibətində bildirib ki, danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır: "Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir".
Vyana görüşü münaqişənin həllinin danışıqlar yolu ilə mümkünlüyünə ümidlər yaratsa da, Ermənistanın nə dərəcədə konstruktiv mövqe nümayiş etdirəcəyi sual altındadır. Vyana görüşünün keçirildiyi gün cəbhədə atəşkəsi şiddətli şəkildə pozması və bir əsgərimizin şəhid olması Ermənistanın asanlıqla sülhə boyun əyməyəcəyini göstərir.
Siyasi ekspertlər prezidentlərin Vyana görüşü və münaqişənin həlli perspektivlərini AzVision.az-a şərh ediblər.

Deputat-politoloq Elman Nəsirovun fikrincə, yüksək səviyyədə təmsilçiliklə keçirilən prezidentlərin Vyana görüşü bir sıra nəticələrə yadda qalıb: “Vyana görüşünün ən mühüm nəticələrindən biri atəşkəs rejiminin qorunub-saxlanılması ilə bağlı əldə edilmiş razılaşmadır. Hər iki tərəf bu xəttə sadiq qalacağını ifadə ediblər. İkinci razılaşma təmas xəttində yaranan insidentlərin araşdırlıması ilə bağlı mexanizmin başa çatdırılması haqdadır. Üçüncü isə hər iki tərəfdən itkin düşmüş hərbiçilər barədə informasiya mübadiləsinin aparılması barədə əldə olunan anlaşmadır. Nəhayət, ən mühüm nəticə iyun ayında prezidentlər səviyyəsində keçiriləcək görüşün yeri və vaxtının müəyyənləşdirilməsi barədə əldə olunan razılaşmadır”.
Millət vəkili qeyd edib ki, Vyana görüşündən sonra cəmiyyətdə bir sıra suallar yaranıb: “Hazırda cəmiyyəti düşündürən ən mühüm məsələ budur ki, atəşkəs barədə razılaşma status-kvonun qorunub-saxlanılmasına xidmət etməyəcək ki? Aprel döyüşlərindən sonra yaranmış yeni şəraitdə beynəlxalq ictimaiyyət birmənalı şəkildə əmin oldu ki, münaqişə dondurulmayıb və istənilən vaxt müharibəyə transformasiya edə bilər. Ona görə də indiki halda atəşkəsin qorunub-saxlanılması barədə razılaşma daha çox münaqişənin həlli ilə bağlı real addımların atılması üçün münbit şəraitin yaradılmasına xidmət göstərir. Vyana görüşündə atəşkəs barədə əldə olunan razılaşmanın mahiyyəti daha genişdir”.
E.Nəsirovun sözlərinə görə, Vyana görüşü prezidentlər arasında baş tutacaq növbəti görüşlər üçün zəmindir: “Vyana görüşünün nəticəsi olaraq iyun ayında prezidentlər səviyyəsində keçiriləcək görüşün vaxtı və məkanı müəyyənləşəcək. Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov brifinqdə qeyd etdi ki, iyun ayında müəyyənləşdiriləcək görüşdə münaqişənin həlli üçün yekun razılaşmanın əldə olunması istiqamətində addımlar atılacaq. Hesab edirəm ki, prezidentlər arasındakı növbəti görüş daha əhəmiyyətli olacaq”.
Millət vəkilinin sözlərinə görə, Vyana görüşü münaqişənin sülh yolu ilə həlli imkanlarının artdığını göstərdi: “Aprel döyüşləri göstərdi ki, Ermənistan köhnə ampulasında qalarsa, müddətsiz danışıqlar taksikasını seçərsə, irimiqyaslı müharibənin olmamasına heç kim zəmanət verə bilməz. Ermənistan aprel döyüşlərindən nəticə çıxarmalı və konstruktiv mövqe nümayiş etdirməli, münaqişənin həlli üçün real addımlar atmalıdır”.
Millət vəkili, politoloq Rasim Musbəyov isə qeyd edib ki, Vyana görüşündə əldə olunan atəşkəs barədə razılaşmanın mahiyyəti hazırki durumda sülhə nail olmağa yönəlib: “Atəşkəs əbədi deyil. Biz gözləyə bilmərik ki, erməni nə vaxt ağıllanıb Qarabağı tərk edəcək. Bu, qeyri-mümkündür. Vyana görüşünün nəticəsi olaraq iyunda prezidentlərin görüşü təyin olunacaq və münaqişənin həlli üçün addımlar atılacaq.
Təbii ki, prezidentlərin görüşünə qədər həmsədrlər, xarici işlər nazirləri intensiv çalışmalıdırlar. Bu halda ortaya razılaşdırılması mümkün olan sənəd gələ bilər”.
Deputat vurğulayıb ki, indiyə qədər münaqişənin həllinə yaxınlaşma olsa da, son anda geriyə addım atılıb: “Bu, o demək deyil ki, həmişə belə olmalıdır. Hər bir halda danışıqlar intensiv şəkildə getməlidir. Belə olmasa, müharibə ehtimalı artır. Tərəflər müharibənin başlanğıcını görərək, münaqişənin danışıqlar yolu ilə həllinə istiqamətlənən addımlar atmalıdırlar. Aprel hadisələri göstərdi ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq niyətində deyil və hər an vəziyyət gərginləşə bilər”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


