Gənc fəal AXCP və Müsavatı ələ saldı

Gənc fəal AXCP və Müsavatı ələ saldı
  18 May 2016    Oxunub:2486
“Müsavat və AXCP-nin yenidən bir araya gələcəyi səmimi görünmür. Hər iki partiyanın rəhbərliyində əməkdaşlıq üçün səmimi niyyət yoxdur. Sadəcə görüntü yaratmaq istəyirlər”.
Bunu AzVision.az-a Müsavat Partiyasından istefa verən gənc fəal Tural Abbaslı AXCP-Müsavat partiyalarının yenidən bir araya gələcəyi haqda çağırışlara münasibət bildirərkən deyib.

“Hər iki partiyanın üzvlərini illərdir tanıyıram. Əminliklə deyə bilərəm ki, Müsavat və AXCP-nin əməkdaşlığı üçün siyasi iradə yoxdur. Bunlar sadəcə ictimai qınağın qarşısını almaq məqsədi güdürlər ki, cəmiyyət onları bir araya gələ bilməməkdə qınamasın. Digər bir məsələ isə siyasi gündəmdə qalmaq məqsədidir. Son zamanlar hər iki qurum əməkdaşlıq məsələsi ilə gündəmdə qalır. Bu gündəmdə qalmaq üçün qurulan oyundur. Ona görə də bu iki partiyanın əməkdaşlıq edəcəyinə qətiyyən inanmıram.

Bu partiyalar son dönəmlər həm siyasi, həm daxili parçalanma nəticəsində çox zəifləyiblər. Bu, birlik onlara faydalı ola bilərdi, amma yaranması nağıldır”.

T.Abbaslı əlavə edib ki, bu məsələ ictimaiyyət və siyasi quruluşlar tərəfindən həmişə qabardılıb: “Əgər bir müsavatçı Əli Kərimli ilə birlikdə fəaliyyət göstərmək istəsəydi, AXCP-nin üzvü olardı. Yaxud bir cəbhəçi Arif Hacılını qəbul etsəydi, Müsavat üzvü olardı. Əgər insanlar siyasi seçimlərini ediblərsə, həmin partiyalarda fəaliyyətlərini davam etdirəcəklər. Bizim müxalifətin uğursuz fəaliyyətinin nəticəsidir ki, birləşmək hakimiyyətə gəlmək uğrunda deyil, yaşamlarını davam etdirmək üçün edilir. Birləşmək söhbəti daha çox siyasi yaşamlarını davam etdirmək savaşıdır. Hesab edirəm ki, normal dövlətlərdə siyasi partiyaların birləşməsi, “bir olmasanız batacaqsınız” ifadəsi gülüncdür”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti