Həbsdəki “NİDA”çılarla bağlı yalan üzə çıxdı

Həbsdəki “NİDA”çılarla bağlı yalan üzə çıxdı
  19 May 2016    Oxunub:2300
Milli Preventiv Qrupun üzvləri Bakı istintaq təcridxanasında başçəkmə həyata keçiriblər.
Bu barədə AzVision.az-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, təqsirləndirilən şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan təqsirləndirilən şəxslər Bayram Məmmədov və Qiyas İbrahimov təkbətək qəbul ediliblər.

MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə keçirilmiş baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb. Eyni zamanda onların saxlanılmalarının qanuniliyini təsdiq edən sənədlərə, tibbi kitabçalarına baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, həmin şəxslər Bakı istintaq təcridxanasına gətirildikləri zaman ilkin tibbi müayinədən keçirilib və müayinə zamanı onların bədən səthində xəsarət izi aşkar edilməyib.

B.Məmmədov və Q.İbrahimov bu müəssisədə saxlanılma şəraitindən və rəftardan razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, sovqat qəbul etdiklərini, vəkillə görüşdüklərini bildiriblər.

Başçəkmə çərçivəsində başqa şəxslər də qəbul edilib və onlar hər hansı bir narazılıqlarını bildirməyib.

Qəbul zamanı onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hüquqi məsləhətlər verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Baş Prokurorluğa məlumat verilib.

Qiyas İbrahimov və NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar. Rəsmi məlumata görə, onların üzərindən və evlərindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Qeyd edək ki, müxalifət mətbuatda həbsdə olan Qiyas İbrahimov və NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun guya təzyiqlərə məruz qaldığı, onların döyülməsi ilə bağlı məlumatlar yayılıb.

AzVision.az


Teqlər:






Xəbər lenti