Qanunsuz ovçular cərimələndilər

Qanunsuz ovçular cərimələndilər
  25 İyul 2013    Oxunub:1347
Saxlanan ovçular Qəbələ, Oğuz, Mingəçevir sakinləridir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirlik tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə reydlər keçirilib.

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən parkın Oğuz bölməsinin Xaçmaz meşəbəyliyinin 28-ci kvartalında, Ağçay adlanan ərazisində keçirilən reydlər zamanı qanunsuz ov etdiklərinə görə Qəbələ rayon Mıxlıqovaq kənd sakinləri Aqil Rəşidov, Xəlil Səmədov, Qərib Mahmudov, Sərdar Mahmudov, İldırım Həmidov saxlanılıb və onlarda müvafiq sənədləri olmayan 12 kalibr beşaçılan, 12 kalibr qoşalülə, 16 kalibr təklülə və 16 kalibr qoşalülə ov silahlarının olduğu müəyyən edilib.

Faktla bağlı həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada ümumilikdə 4400 manat məbləğində cərimə tətbiq olunub. Qanunu pozmuş şəxslər Milli Park əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, tabesizlik göstərib, ov silahlarını təqdim etməkdən imtina ediblər. Həmin silahların alınaraq maddi sübut kimi götürülməsinə kömək etməsi üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət olunub.

Keçirilən növbəti reyd zamanı Şahdağ Milli Parkının Oğuz bölməsinin Daşağıl meşəbəyliyinin 01 saylı dolayı ərazisində də qanunsuz ov edən Oğuz rayon Muxas kənd sakinləri Eldəniz Həbibullayev və Ceyhun Rəhimov, Oğuz rayon Bucaq kənd sakini Tofiq Musayev, Mingəçevir rayon sakinləri Elnur Ələkbərov və Əhməd Hüseynov Milli Parkın əməkdaşları tərəfindən saxlanılıb və onlardan 2 ədəd 16 kalibr qoşalülə, 12 kalibr qoşalülə və 16 kalibr təklülə ov silahları aşkarlanaraq götürülüb.

Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən təqsirkarlar ümumilikdə 4400 manat məbləğində cərimə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti