Vyana görüşündə Azərbaycan nəyə razılıq verib?

Vyana görüşündə Azərbaycan nəyə razılıq verib?
  20 May 2016    Oxunub:38319
Vyana görüşü başa çatsa, görüşün detalları hələ də müzakirə mövzusu olaraq qalır. Xəbər verdiyimiz kimi, Vyana görüşü ilə bağlı ilk olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri, daha sonra Azərbaycan və Ermənistan tərəfi rəsmi açıqlama yayaraq, danışıqların detallarını ictimaiyyətə bəyan edib.

Aprel döyüşlərindən sonra ilk dəfə reallaşan görüşlə bağlı ABŞ, Avropa və Rusiyadan gələn reaksiyalar müsbət təsir bağışlayır. Görüşdə bir sıra məsələlərin tərəflər arasında razılaşdırılması növbəti görüşlər üçün mühüm irəliləyiş hesab olunur.

Azərbaycan və Ermənistan arasında Vyanada hansı məsələlərə dair razılığın əldə olunması diqqət çəkir. Xatırlayırsınızsa, Vyana görşü ilə bağlı qısa açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, Azərbaycan Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq verib.



Xarici əlaqələr şöbəsinin müdiri qeyd edib ki, əsas məsələ bundan sonra atəşkəsə riayət olunsun, təxribat hərəkətləri olmasın və biz iyun ayında danışıqlar prosesinə başlayaq.

Bundan başqa PA rəsmisi bəyan edib ki, Azərbaycan görüşdə heç bir məsələyə dair öhdəlik götürməyib. N.Məmmədov vurğulayıb ki, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını BMT TŞ-nın qəbul etdiyi qətnamələrə uyğun olaraq azad etməlidir. Bunu nə qədər tez etsə, onlar üçün də yaxşı olacaq.

Siyasi ekspertlər hesab edir ki, mayın 16-da keçirilən görüşdə Azərbaycan gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq verib.



Millət vəkili Rasim Musabəyovun fikrincə, Azərbaycan tərəfi danışıqlar masasında ümumi şəkildə atəşkəsə əməl olunması ilə bağlı razılıq verib: “Bu öhdəliklər bilavasitə danışıqların aparılması ilə bağlıdır. Erməni tərəfi əvvəlki kimi görüntü xarakterli, qoşunlarını işağl etdiyi Azərbaycan ərazilərindən çıxarmamaq xəttini tutduğu halda atəşkəsə əməl olunması barədə razılaşma mahiyyətini itirəcək. Azərbaycan tərəfindən atəşkəsə razılıq ona görə verilib ki, danışıqlar aparılsın və ortaya nəticə qoyulsun”.

R.Musabəyov qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisinin monitorinq qrupunun mütəmadi müşahidə aparmaq, tərəflərə qiymət verməsi səlahiyyətinə malik olmasına Azərbaycan razılıq verməyib və bununla bağlı heç bir öhdəlik götürməyib.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Vyana görüşünün əsas nəticəsi münaqişənin həllini sürətləndirməsidir: “İlk dəfədir ki, ABŞ ardıcıl və prinsipial surətdə Rusiyanı müəyyən qədər geri çəkilməyə, danışıqlar prosesinə daxil olmağa imkan əldə edib. Bölgədə atəşkəs rejiminin möhkəmləndirilməsi, monitorinq sisteminin tətbiq edilməsi, xüsusi kameraların quraşdırılması Azərbaycan üçün zərərlidir. Amma, danışıqların sonrakı mərhələsində, iyun ayından başlayaraq sülh sazişi üzərində iş başlamalıdır. Mərhələ-mərhələ rayonların geri qaytarılması prosesinə start verilməlidir”.



Q.Hüseynli qeyd edib ki, danışıqlar prosesində Ermənistan həmişə Azərbaycanı aldadıb: “Bu dəfə də aldatsalar, cavablarını alacaqlar. Azərbaycan ordusu mövqelərini möhkəmləndirir. Ermənilər də vaxtdan səmərəli istifadə etməyə çalışacaqlar. Danışıqları imitasiya etsələr, hərbi əməliyyatların başlaması istisna edilmir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti