`Torpaqlarımızın hamısını işğaldan azad edəcəyik` - Əli Həsənov

`Torpaqlarımızın hamısını işğaldan azad edəcəyik` - Əli Həsənov
  21 May 2016    Oxunub:2091
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 21-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonun müraciəti əsasında onunla görüşüb.
Dövlətqaçqınkomun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Dağlıq Qarabağda cəbhə xəttində son hadisələrdən sonra BMT QAK-ın qiymətləndirmə missiyalarının mayın 4-6-da Ağdam, Bərdə, Tərtər, Goranboy rayonlarına, mayın 12-13-də isə Ağcabədi, Füzuli və Beyləqan rayonlarına səfərlərinin nəticələri haqqında geniş fikir mübadiləsi aparılıb və bunun nəticəsində xüsusi hesabatın hazırlanacağı diqqətə çatdırılıb.

Daq Siqurdson bildirib ki, aprel ayında işğalçı Ermənistan ordusu tərəfindən təmas xəttində yerləşən ərazilər iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində hərbçilər və mülki sakinlər həlak olub, məcburi köçkünlərə və yerli sakinlərə ciddi ziyan dəyib, evlər dağıdılıb və təsərrüfatlara ziyan dəyib. Bütün bunları BMT QAK-ın qiymətləndirmə missiyaları həmin ərazilərdə apardıqları müşahidələr zamanı görüblər. O, həmçinin qeyd edib ki, təmas xəttində yerləşən rayonlara etdikləri səfərlərin nəticəsində BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin qiymətləndirmə missiyasının gördükləri vəziyyət haqqında ölkədə olan BMT qurumlarına da ətraflı məlumat verəcəklər. BMT QAK baş verən bütün bu hadisələrə görə narahatlığını bildirib və Azərbaycan hökumətinin hazırda həmin ərazilərdə apardığı bərpa işlərini yüksək qiymətləndirib.

Daq Siqurdson keçən həftə Cenevrədə səfərdə olarkən aprel ayında yaranmış vəziyyətlə bağlı BMT QAK-ın baş ofisinə məlumat verdiyini, qurumun yüksək vəzifəli şəxslərinin isə bundan narahatlıq keçirdiyini diqqətə çatdırıb.

Görüşdə Füzuli, Ağdam və Tərtər rayonlarına səfər edərək əsgər və zabitlərlə, mülki əhali ilə görüşündən aldığı təəssüratları bölüşən Baş nazirin müavini Əli Həsənov onlarda yüksək əhval-ruhiyyənin, güclü vətənpərvərlik hissinin olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın çoxdan arzuladığı müvəffəqiyyətlərə nail oldu. Həm hərbçilərimizdə - əsgər, zabit və generallarımızda, həm də mülki şəxslərdə Vətən uğrunda, torpaqlarımızın azad olunması uğrunda döyüş ruhu yüksək səviyyədədir. Azərbaycan Prezidentinin gördüyü işlər göz qabağındadır. Dövlətimizin başçısının göstərdiyi cəsarət, onun iradəsi, hərbçilərimizə verdiyi qiymət, bütün bunların nəticəsi olaraq bizdə tam əminlik yaranıb ki, işğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik, məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyev həmişə öz çıxışlarında bildirib ki, biz müharibə istəmirik və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Lakin əgər düşmən təxribatlarını davam etdirərsə, Azərbaycanın qüdrətli ordusu işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək. Biz buna əminik.

Baş nazirin müavini Əli Həsənov bildirib ki, Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki əhaliyə atəş açmaları nəticəsində dağılmış bütün evlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacaq, zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa edilərək sakinlərə təhvil veriləcək. O, həmçinin Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsindəki rayonlara səfərinin, əsgər və zabitlərlə, buradakı kəndlərin sakinləri və məcburi köçkünlər ilə görüşlərinin onlarda böyük ruh yüksəkliyi yaratdığının, qələbəyə inamı daha da artırdığının şahidi olduğunu bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti